Azərbaycanİran

Azərbaycanı ikiyə ayıran Türkmənçay müqaviləsinin imzalanmasından 195 il keçir

Bu gün Azərbaycanın taleyində həlledici təsirləri olan Türkmənçay sülh müqaviləsinin imzalanmasından 195 il ötür.

10 fevral 1828-ci ildə Təbriz yaxınlığındakı Türkmənçay kəndində imzalanmış Türkmənçay sülh müqaviləsi Qacar İranı ilə Rusiya imperiyası arasında bağlanıb.

Müqaviləyə əsasən, Gülüstan sülhündə Rusiyaya keçən ərazilərdən başqa İran İrəvan, Naxçıvan və Talış xanlığının özlərində qalmış hissəsinin də Rus imperiyasının ərazisi olduğunu qəbul edirdi.

İki imperiya arasında sərhəd kimi Araz çayı qəbul edilirdi. Rusiyaya keçən torpaqlar hazırkı Ermənistan Respublikasının ərazisini, Naxçıvan Muxtar Respublikasının ərazisini, Azərbaycan Respublikasının cənub bölgəsinin bir hissəsini və indiki Türkiyə Cümhuriyyətinin ərazisi olan İğdır bölgəsini əhatə edirdi.

Müqaviləni İran tərəfindən vəliəhd şahzadə Abbas Mirzə və Fətəli şahın nümayəndəsi Allahyar xan Əsəf əl-Dövlə, Rusiya tərəfindən isə general İvan Paskeviç imzalayıb.

Gülüstan müqaviləsində olduğu kimi, bu müqavilə də Rusiyanın qəti qələbəsi ilə bitən müharibədən sonra imzalanıb və bütün şərtlər Rusiya tərəfindən diktə edilib. Hətta general Paskeviç İran nümayəndələrinə bildirib ki, Rusiyanın təklif etdiyi şərtlərlə razılaşmazsa, rus ordusu Tehranı tutacaq.

Gülüstan və Türkmənçay müqavilələrinin imzalanması ilə Rusiya Cənubi Qafqazın və Şimali Qafqazın bir hissəsinin işğalını sonlandırıb.

1813-cü ildə imzalanmış Gülüstan müqaviləsinin davamı olan Türkmənçay müqaviləsi ilə Araz çayından şimaldakı və cənubdakı Azərbaycan torpaqlarının Rusiya və İran arasında bölüşdürülməsi prosesi rəsmən başa çatıb.

Məhz bu müqavilədən sonra ermənilərin kütləvi surətdə Şimali Azərbaycan ərazilərinə köçürülməsinə başlanıb. 1828-1829-cu illərdə İrandan 40-50 min, Türkiyədən 90 min erməni Azərbaycana köçürülüb.

Related Articles

Bir cavab yazın

Back to top button