Azərbaycan

Azərbaycan Mərkəz Partiyası Azərbaycana dəstək bəyanatı yayıb

Xəbər verdiyimiz kimi, septambrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədib. Düşmən cəbhəboyu məntəqədə yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı topxana qurğularından atəşə tutub.
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın məntəqələrdə yaşayan yerli əhalinin əmniyyətini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Cəbhədəki son vəziyyətlə bağlı Ermənistanın işğalçı həmlələrinə cavab olaraq dünya ölkələri, siyasi təşkilat, partiya və qurumlardan Azərbaycana dəstək çağırışları davam etməkdədir. Bu məqsədlə Azərbaycan Mərkəz Partiyası bəyanat yayıb. Rəsmi sənəddə “Ermənistanın bölgə barışının əsas pozucusu” olduğu vurğulanıb. Bəyanatı təqdim edirik!
“Bu gün səhər Ermənistanın təcavüzkar ordusu dinc əhalini hədəfə alıb. Rəsmi bilgilərə görə, bu hücumda 6 nəfər dinc sakin yaralanıb. Azərbaycan ordusu isə ərazi bütövlüyünü müdafiə etmək amacı ilə işğalçı qüvvələrə uyğun cavab verməyə müvəffəq olub.
Azərbaycan cümhurisinin Prezidenti cənab İlham Əliyev bu təcavüzü məhkum edib. Ölkə başçısı bildirib ki, Ermənistanın ardıcıl olaraq apardığı təxribat və atəşkəsi pozmaq cəhdləri problemin barış yolu ilə həllinə çətinliklər yaradır. Başqa tərəfdən isə, Ermənistanın dinc əhaliyə təcavüzü Azərbaycan xalqının narahatlığına səbəb olub. Bu narahatlıq həm də Güney Azərbaycan xalqı tərəfindən həssaslıqla qarşılanır. Güney Azərbaycan xalqı olayları Araz çayı kənarına axışaraq izləyir, eyni zamanda sosial media vasitəsilə baş verənlərdən xəbərdar olmağa çalışır. Güney azərbaycanlılar Ermənistanın işğalçılıq siyasətini davam etdirməsini dözülməz və qəbulolunmaz hesab edirlər.
Biz – Güney Azərbaycanın siyasi təşkilat və fəalları Ermənistan tərəfindən işğalçı siyasətin davam etdirilməsini bölgə barışının pozulması kimi qəbul edirik. Biz Ermənistanın dinc və qeyri-nizami əhaliyə təcavüz etməsini qınayırıq. Azərbaycan hökumətinə və xalqına hərtərəfli dəstək verərək, Azərbaycan ordusu və xalqının ərazi bütövlüyünün qorunmasının Azərbaycan Cümhuriyyətinin qanuni haqqı olduğunu bildiririk.
Ermənistanı zorakı həmlələri dayandırmağa və işğal altındakı torpaqlardan dərhal geri çəkilməyə çağırırıq. Şübhəsiz ki, Ermənistanın işğalçılıq siyasətinin xüsusilə İran tərəfindən dəstəklənməsi və davam etdirilməsinə cavab olaraq Azərbaycan cəmiyyəti milli oyanış və həmrəyliyini daha güclü şəkildə nümayiş etdirir.
Azərbaycan Cümhuriyyətinin Dağlıq Qarabağ bölgəsi üzərində qanuni hakimiyyətinin danılması və Ermənistanın işğalının davam etməsi lazımi tədbirlərin görülməsinə səbəb olacaq”.

Related Articles

Bir cavab yazın

Back to top button