Azərbaycan

Azərbaycan Mərkəz Partiyası Həbib Kəəbinin oğurlanması haqqında bəyanat yayıb

Azərbaycan Mərkəz Partiyası Ələhvaz Azadlıq Hərəkatı rəhbərlərindən olan Həbib Kəəbinin oğurlanması haqqında bəyanat yayıb.
Bəyanatı sizə təqdim edirik:
***İran İslam Respublikası qurulduğu çağlardan bu günədək müxaliflərini istər ölkə daxilində, istərsə də xaricində dəfələrlə hədələyib, terrora məruz qoyub, həmçinin oğurlayıb. İran İslam Respublikası neçə ildir ki, ölkə daxilində ona qarşı çıxanları geniş miqyasda edam etmə, kütləvi öldürmə və tutuqlamaları ilə yanaşı, ölkədən xaric müxaliflərini də oğurlayıb ölkə daxilinə köçürməyə başlayıb. Habelə son illərdə bu rejimin ölkədən xaric siyasi və mədəni fəallara, xüsusilə də fars olmayan millətlərin fəallarına qarşı hədə-qorxu gəlməsi, yalan və böhtan atması davamlı hal alıb.
Ərəb xalqını təmsil edən Ələhvaz Azadlıq Hərəkatının rəhbərlərindən Həbib Kəəbinin (Əsivədin) oğurlanıb ölkə daxilinə köçürülməsi İran İslam Respublikası rejiminin İran sərhədlərindən xaric terrorist hərəkətləri üzrə ən yeni nümunəsidir.
Cənab Kəəbinin yaxınlarının bildirmələrinə istinadən, o, 9 oktyabr 2020-ci ildə İstanbula səfərindən sonra bu şəhərdə itkin düşüb. Həbib Kəəbinin oğurlanıb ölkəyə aparılması ehtimalı 1 ay sonra İran İslam Respublikası Təhlükəsizlik Nazirliyi tərəfindən təsdiq edilib. Təhlükəsizlik Nazirliyinin yaydığı bəyanatda siyasi fəalla bağlı görüntülər yer alıb. Həmin görüntülərdə isə onun harada saxlanıldığı müəyyən deyil.
Cənab Həbib Kəəbi Ələhvazın siyasi fəalları və rəhbərlərindən biri olaraq illərdir ki, fars olmayan xalqların öz müqəddəratını təyin etmək hüququnun reallaşması yöndə fəaliyyət göstərib. Bu baxımdan, o, yalnız ərəb xalqının sırasında deyil, fars olmayan xalqların milli fəallarının və demokratiya ideyalarına inananların sıralarında da hörmətə sahibdir.
Cənab Həbib Kəəbinin oğurlanması xəbəri bu və digər səbəblərdən fars mediasında yetərincə əks etdirilməyib. Cənab Kəəbi barədə həmin xəbərlərin, eləcə də təhlillərin mətnində mərkəzçilik və rasist düşüncə tərzi olaraq onun oğurlanmasının boykot edilməsi, bir daha ona dəlalət edir ki, İran İslam Respublikasının mərkəzçilik ideyasında olan ölkə və ölkədən xaric müxalifəti heç vaxt fars olmayan xalqların etimadını qazana bilməyəcək.
Dəfələrlə müşahidə olunduğu kimi, İran İslam Respublikası tərəfindən oğurlanmış şəxslər istintaq olunduqları vaxt ən kəskin işgəncələrə məruz qalırlar, hətta edam təhlükəsinə də tuş gəlirlər. Bu baxımdan, Həbib Kəəbinin durumu barədə nigaranlıqlar günü-gündən artır. Bu önəmli məsələni nəzərə alaraq, İran rejiminə qarşı siyasi fəalların, qrup və təşkilatların, bir sözlə, hər bir azadlıqsevər insanın İran İslam Respublikasının terrorist əməllərinə qarşı susması Həbib Kəəbinin vəziyyətini daha da ağırlaşdıra bilər.
Biz – Azərbaycan Mərkəz Partiyası olaraq, Həbib Kəəbinin İran İslam Respublikası tərəfindən oğurlanmasını dövlət səviyyəsində insan oğurluğu və terrorizminə bariz nümunə kimi tanıyır, İran İslam Respublikasının bu əməlini qınayırıq. Biz inanırıq ki, rejimin bu tip əməlləri İnsan Haqları və Beynəlxalq Hüququn pozulmasına bariz sübutdur. Ümid edirik ki, cənab Həbib Kəəbi İsveç vətəndaşı olduğundan bu dövlətin, Avropa Birliyinin, Türkiyənin və sair ölkələrin, insan haqları üzrə beynəlxalq qurumların vasitəçiliyi ilə qurtarılacaq.
Son olaraq bildirməliyik ki, İran İslam Respublikası belə bir əməlləri törətməklə fars olmayan xalqların istibdad və koloniyaçılığa qarşı mübarizələrinə heç bir xələl gətirə bilməyib və gətirə bilməyəcək.
Qeyd edək ki, fars olmayan xalqların siyasi şəxsləri, qrup və təşkilatları İran İslam Respublikasının belə hədələri tətbiq etmək məqsədlərindən məlumatlıdırlar. Bu baxımdan, fars olmayan xalqların hüquqlarının gerçəkləşməsi yöndə öz fəaliyyətini günü-gündən daha yaxşı sahmana salacaq və ədalət bərqərar olanadək mübarizədən çəkinməyəcəklər.

 

Related Articles

Bir cavab yazın

Back to top button