AzərbaycanDünya

Azərbaycan Yeni Kaledoniyada Fransanın nüfuzunu yerlə bir etdi…

Fransanın müstəmləkəçilik siyasətinə etiraz edən Yeni Kaledoniyada bu gün Azərbaycan bayraqlarına daha tez-tez rast gəlmək mümkündür. Elə ötən ay Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyasında Azərbaycan bayrağı da dalğalanmışdı.

Xatırladaq ki, həmin vaxt Fransa kolonializminə qarşı təşkil olunmuş etiraz aksiyasında 10 min nəfər iştirak edib. Sosialist və Milli KANAK Azadlığı Cəbhəsi tərəfindən təşkil edilən aksiyanın iştirakçıları Fransanın müstəmləkəçilik siyasətinə qarşı şüarlar səsləndirib, müstəqillik tələb ediblər. İştirakçılar, Azərbaycan da daxil olmaqla, 3 bayraq – BMT və Yeni Kaledoniya bayraqlarını da qaldırıblar. Onlar Azərbaycanın dövlət atributunu ön cərgədə daşıyıb, tribunaya sancıblar. Polis başqa ölkənin bayrağının dalğalandırılma səbəbini soruşduqda etirazçılar bildiriblər ki, Azərbaycan hər zaman onların yanındadır, neokolonializmlə mübarizəyə dəstək olur. Fransanın etrazlarına baxmayaraq, Numeada təşkil olunan növbəti aksiyada  daha çox sayda Azərbaycan bayrağı dalğalandırılıb. Qeyd edək ki, Numeada ölkənin müstəqilliyi və suverenliyini tələb edən siyasi partiyalar tərəfindən növbəti etiraz yürüşü keçirilib. Burada  Kaledoniya və Kanak xalqı son günlər Fransa dövlətinin bir çox nazirinin ölkələrinə gəlişinin onlara qarşı təzyiq olduğunu və bu təzyiqə etiraz etdiklərini bildirirlər. Xüsusilə silahlı qüvvələr naziri Sebastyan Lekornunun ölkəyə gəlişi yerli insanları daha çox narahat edib. Onlar Fransanın Yeni Kaledoniyanı hərbiləşdirməsinə qarşı çıxırlar. Kaledoniyalılar Makron hökumətinin onları 1988-ci ildə Kaledoniya ilə bağlı müəyyən edilmiş trayektoriyadan yayındırmaq cəhdlərinə və onun tam suverenliyinə nail olmasına qarşı həyata keçirdiyi müxtəlif manevrlərə etiraz edirlər. Bildirirlər ki, etiraz nümayişinin məqsədi Fransa dövlətinin ölkəyə yaratdığı risqlər barədə Kaledoniya əhalisini xəbərdar etmək və məlumatlandırmaqdır. Nümayişin təşkilatçıları qeyd edirlər ki, Fransanın daxili işlər naziri Jerald Darmanenin çıxışları Fransa hökumətinin mövqeyini, dekolonizasiya və  ölkənin tam suverenliyi məsələsində müstəqillik tərəfdarlarının və milli fəalların fikrini nəzərə almamaq istəyini nümayiş etdirir. “Le Cellule de Coordination des Actions de Terrain” qrupu Kaledoniya rəhbərlərinin razılığı olmadan hər hansı konstitusiya islahatları keçirilməsinə və qanunun məcburi şəkildə dəyişdirilməsinə sərt etiraz bildirib. Vurğulanıb ki, silahlı qüvvələr naziri Lekornunun Kaledoniyaya gəlişi Fransanın Hind və Sakit okean regionunda hərbi mövcudluğunu və qüdrətini gücləndirmək məqsədini açıq şəkildə nümayiş etdirir. O da qeyd olunur ki, prezident Emmanuel Makronun Hind-Sakit okean regionunda hazırladığı strategiya Yeni Kaledoniyanı təhlükəli vəziyyətə salacaq. Makron siyasəti ilə Yeni Kaledoniyanın müstəqillik qələbəsinə mane olmaq və ölkənin siyasi həyatına təsir etmək istəyini aydın nümayiş etdirir. Nümayişçilər fransız nazirlərin son günlər Kaledoniyaya gəlişini onların BMT Baş Assambleyasının 2020-ci il dekabrın 10-da qəbul edilmiş qətnaməsinin tətbiq edilməməsi ilə bağlı hökumətin mövqeyini ortaya qoyduğunu deyirlər. Numea sazişinin ölkəyə sülh və sabitlik gətirdiyini bildirən nümayişçilər həmin sazişdə nəzərdə tutulmuş müddətin sonunda ölkələrinin tam azad olacağını gözləyirlər.

Kaledoniyada fəaliyyət göstərən siyasi partiyalar Azərbaycanın bu ölkənin müstəqilliyini dəstəkləməsini yüksək qiymətləndiriblər. Buna görə də nümayiş kortecində Azərbaycan bayrağı dalğalanıb. Kaledoniya İttifaqı Partiyasının prezidenti Ten Kristian aksiya ilə bağlı “AzərTAc”a açılqlmasında qeyd edib: “Emmanuel Makron və daxili işlər naziri Jerald Darmanenlə silahlı qüvvələr naziri Lekornunun praktikasına qarşı ikinci etiraz nümayişi keçiririk. Onlar 2024-cü ildə müddəti bitən Numea sazişində nəzərdə tutulmuş öhdəliklərdən yayınmaq üçün müxtəlif manevrlərə əl atırlar”. O bildirib ki, son nümayişlə Fransa hökumətinin Yeni Kaledoniyada yeni hərbi baza yerləşdirməsi və onun genişləndirilməsinə etirazlarını bildirirlər: “Yeni Kaledoniyanın hərbiləşməsinə razı deyilik. Biz bu yeni hərbi bazaya “Yox!” deyirik. Biz müharibə vəziyyətində deyilik. Hind-Sakit okean regionunda yerləşən ölkələr, xalqlar arasında münasibətlər yaxşıdır. Ölkəmizdə hərbi baza yerləşdirilməsinə ehtiyac yoxdur. Fransanın məşğul olmalı olduğu başqa çox işləri var, onlarla məşğul olsun. Biz hərbi baza istəmirik”. Etiraz nümayişi keçirməkdə məqsədlərinin əhalini yerli və xarici KİV vasitəsilə mümkün risqlərlə bağlı xəbərdar etmək və məlumatlandırmaq olduğunu söyləyən partiya sədri deyib: “Nümayişimizlə, Azərbaycan da daxil olmaqla, bütün ölkələrə demək istəyirik ki, bu mesajları BMT səviyyəsində çatdırmaq və paylaşmaq lazımdır. Emmanuel Makron hökumətinin bu manevrlərinə qarşı birlikdə mübarizə aparaq”. Kaledoniya İttifaqı siyasi partiyasının prezidenti Qoa Danyel isə vurğulayır: “1998-ci ildə dekolonizasiya prosesinə başlanıldı və qarşıdan gələn il bu proses başa çatır. Ancaq 3-cü referendumdan sonra Fransa dövləti bildirdi ki, 25 il əvvəl başlayan prosesi dayandırırıq, yeni prosesə başlayırıq. Reallıq isə tamamilə başqadır. Bizə əxlaqsız münasibət göstərirlər. Fransa daxili işlər, iqtisadiyyat nazirləri ölkəmizə gəldilər. İndi də silahlı qüvvələr naziri gəlib. Bu, Fransa dövlətinin bizə qarşı üç hücumdur. Daxili işlər naziri Darmanen gələndə əhalini səfərbər olmağa, nümayişə çağırdıq. Noyabrın sonunda olan bu etiraz yürüşünə 6 min insan qatıldı. İndi isə silahlı qüvvələr naziri gəlib və ölkəmizdə hərbi baza yerləşdirilməsinə etiraz olaraq, biz yenidən səfərbər olmağa çağırış etdik. Son nümayişdə isə 10 mindən çox insan iştirak edib. Ancaq bu bizim son nümayişimiz deyil”. Q.Danyel ölkələrinin müstəqilliyi və suverenliyi uğrunda mübarizəni dayandırmayacaqlarını deyib. Qeyd edib ki, Fransa Kanakı hərbi baza kimi istifadə etmək istəyir, ancaq biz buna yox deyirik: “Fransa bunu bizim razılığımız olmadan edə bilməz. İqtisadiyyat naziri də bizi səlahiyyətimizdə olan şaxtalardan mərhum etməyə gəlmişdi. Bu gün artıq şaxtalara əl qoyublar. Bizə malik olanı bərpa etmək istəyirik. Fransa şaxtalarla bağlı yeni məcəllə hazırlamaq istəyir ki, bu məcəllə şaxtaçılara Yaponiya kimi başqa ölkələrə gedib, daha yaxşı alıcı axtarmağa imkan verməyəcək. Bu məcəllə şaxtaçıları əldə etdikləri məhsulu Avropaya ucuz satmağa məcbur edəcək. Bütün bunlar məqsədlərimizə uyğun gəlmir. Fransa naziri Darmanen isə jandarmlarını gətirmək, burada mövqeyini möhkəmləndirmək istəyir. Onda artıq bu nümayişlər də olmayacaq. Jandarm və hərbçilərin sayı artır. Biz isə 25 il əvvəl müstəqilliklə bağlı saziş imzalayıb prosesə başlamışıq. Gələn il sazişin müddəti bitir və inkişaf olmalıdır. Ancaq Fransa dövləti hər şeyi dağıdır və tamamilə başqa istiqamətdə işə başlamaq istəyir. Biz isə bunu qəbul etməyəcəyik”. Bunlar fonunda Yeni Kaledoniyada Azərbaycana nüfuz savaşında uduzmaqda olan Fransa cılız addımlara gedir. Belə ki, Fransa dünyada özünü söz azadlığının və demokratiyanın carçısı kimi təqdim etsə də, jurnalistlərin fəaliyyətinə maneçilik törətməkdən, onları təqib etməkdən və təzyiq altında saxlamaqdan, hətta təhdidlərə məruz qoymaqdan çəkinmir. Belə ki, “AzərTAc”-ın Yeni Kaledoniyaya ezam olunmuş əməkdaşı Aygün Həsənovanın vizası olduğu halda həmin ölkəyə girişinə qadağa qoyulub. Bu azmış kimi, jurnalist bir sutka polis bölməsində saxlanılaraq “arzuolunmaz şəxs” kimi ölkədən çıxarılıb. Təbii ki, məhz Bakıdan gəldiyi üçün jurnalistin ölkəyə girişinə icazə verilməyib. Çünki Fransa dövləti Yeni Kaledoniya və Fransanın digər koloniyalarında getdikcə güclənən azadlıq və müstəqillik uğrunda mübarizə barədə həqiqətlərin yayılmasını hər vasitə ilə məhdudlaşdırmağa çalışır. Onu da qeyd edək ki, noyabrın 21-də Bakıda Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda konfrans keçirilib. Azərbaycan prezidenti İlham Əliyev konfrans iştirakçılarına müraciət edərək, Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəklədiyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button