AzərbaycanBölgəİranSiyasət

Azərbaycanın İrandakı səfirinin Xomeyninin nümayəndəsi ilə görüşündə qalmaqal yaşanıb

Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov Təbrizə səfəri çərçivəsində İranın Ali Rəhbərinin Şərqi Azərbaycandakı nümayəndəsi və Təbrizin imam-cüməsi Seyid Məhəmmədəli Al-Haşem ilə görüşüb.

Aznews.tv xəbər verir ki, görüşdə gərginlik yaşanıb.

Seyid Məhəmmədəli Al-Haşem səfir Bünyad Hüseynova irad tutub.

O bildirib ki, Kərbəla şəhidlərinin yad edilməsi üçün məhərrəmlik ayında Azərbaycanın müxtəlif şəhərlərində mərasimlər keçirilib.

“Lakin məhərrəm ayında Bakıda mahnı müsabiqəsinin keçirilməsi yaxşı hal deyil”, – Ali rəhbərin nümayəndəsi deyib.

Buna cavab olaraq səfir Bünyad Hüseynov xatırladıb ki, Azərbaycan xalqı məhərrəm ayındakı mərasimləri özünün dini inancına əsaslanaraq keçirir.

“Bu mərasimlərin hansı ölkədə necə qarşılanması Azərbaycan xalqı üçün o qədər də maraqlı deyil. Həmin günlərdə ölkəmizdə musiqili tədbirlərin keçirilməsinə dair söylədikləriniz həqiqəti əks etdirmir. Ümumiyyətlə isə mədəni tədbirləri məhərrəm ayının mərasimləri ilə əlaqələndirmək düzgün deyil” -deyə, səfir deyib.

Bünyad Hüseynov bundan başqa qeyd edib ki, əslində bu il Azərbaycanda yaşayan müsəlmanları, o cümlədən Tehran sakinlərini təəccübləndirən və təəssüfləndirən hadisə baş verib.

“Taşura və aşura günlərində Tehranda 51-ci erməni oyunlarının açılış mərasimi səsli-küylü musiqi və kollektiv rəqslə, həmçinin atəşfəşanlıqla qeyd olunub. Güman edirik gələcək illərdə məhərrəm mərasimlərində belə hadisələrin şahidi olmayacağıq”, – deyə diplomat fikrini yekunlaşdırıb.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button