AzərbaycanMəqalələr

Babək Xürrəmi türksoylu Ərsaki şahlarının soyundan idi

“Xürrəmilər (Babəkin ardıcılları) dağda müsəlmanlar üçün onları namaza çağıran məscid tikmişlər. Onlar öz uşaqlarına “Qurani-Kərim”i öyrədirlər…

Moderator.az  aktuallığını nəzərə alıb Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrilinin “Babək Xürrəmi Ərsaki şahlarının soyundan idi” başlıqlı araşdırma yazısını təqdim edir:

Ərəb istilası zərdüştiliyi Azərbaycandan, o cümlədən Muğan torpaqlarından silib yoxa çıxardı. Bir neçə yüz il sonra isə azərbaycanlılar bu dinin əsas daşıyıcılarının – maqların adını da unutdular. Yalnız XIX–XX əsrlərdə tarix elminin inkişafı sayəsində öyrəndik ki, vaxtilə Muğanda belə bir tayfa yaşamış, Zərdüşt ruhanilərinin çoxu həmin maqlardan olmuşdur.

Lakin adın itməsi heç də həmişə məzmunun da yox olması anlamına gəlmir. Muğanın əsas yaşayış məskənlərindən birindən – Salyandan çıxmış ruhanilər İslam aləmində həmişə xüsusi nüfuza malik olmuşlar. Təkcə bunu demək kifayətdir ki, Qafqaz müsəlmanlarının on iki şeyxülislamından üçünü Salyan mühiti yetişdirmişdir.

Haşiyə:

Ərəb dilində atəşpərəst, zərdüşti mənalarını verən “məcusi” sözü ilə latın dilindəki “magus” sözünün mənşəyi eynidir. Bu söz Bisütun yazılarında “maquş” formasındadır. Zənnimizcə, alman dilindəki “machen” (etmək), macht” (güc), ingilis dilindəki “may” (bacarmaq), rus dilindəki «помощь» (kömək), «мощь» (güc), «могучий» (qüdrətli) sözləri, Azərbaycan dilindəki “kömək” sözü və “maq2” şəkilçisi (qurmaq, yaratmaq, etmək, görmək, udmaq və s.) məhz maq etnonimi ilə əlaqəlidir.

Fikrimizcə, ərəb istilaçılarının, əslində, zərdüşti olmayan xürrəmiləri məcusi, yəni maquş, magus, maq adlandırmaları səbəbsiz deyildi. Babək hərəkatının əsas dayaq məntəqələri məhz maqların vaxtilə yaşadıqları ərazilərdə – Muğanda və Ərdəbildə yerləşirdi.

Xürrəmilərə məcusi adının verilməsi onu göstərir ki, maqlar Babəkin (798–838) dövründə də bu torpaqlarda yaşamış və qədim zamanlarda olduğu kimi cəmiyyətin həyatında fəal iştirak etmişlər. Maqların varlığı isə, öz növbəsində qədim ənənələrin bir çoxunun, o cümlədən, köklü şah nəsillərinə ehtiramın qorunub-saxlanması demək idi.

Əsrlər boyunca Azərbaycanda Ərsaki soyu müqəddəs nəsil hesab olunmuşdur. Zənnimizcə, nə Sasanilərin çevrilişi, nə Ərsaki şahlarının qətli, nə də ərəb istilası bu təsəvvürləri ciddi şəkildə dəyişdirə bilərdi. Azərbaycan Ərsakilərin vətəni idi. Onlara burada olan münasibəti yalnız İslamdan sonrakı dövrlərdə seyidlərə olan münasibətlə müqayisə edə bilərik.

Qədim Roma tarixçisi Ammianus Marsellinus (330–400) yazırdı: “İranda Ərsakilər bütün nəsillərdən üstün sayılır. Hər bir iranlı hətta daxili qarşıdurmalar zamanı belə, döyüşçü və ya sadə insan olmasından asılı olmayaraq, bu nəslin istənilən nümayəndəsinə əl qaldırmağı ən böyük günah hesab edir”. (Аммиан Марцеллин. «Деяния», книга XXIII, 6 (2))

Ərsaki soyunun unudulması, adiləşməsi üçün əhalinin nəzərində daha üstün dərəcəyə malik başqa bir nəsil ortaya çıxmalı idi. Müəyyən bir dövrdən sonra həqiqətən də belə oldu. Ərsakiləri Ələvilər əvəz etdilər. Babəkin zamanında bu proses artıq başlanmış, lakin hələ yekunlaşmamışdı. Ehtimalımıza görə, köhnə nəsillər ən azı IX əsrin sonlarınadək yerli əhali arasında öz mövqelərini qoruyub saxlamışdilər.

Haşiyə. Ərəb dilindəki “seyid”, ingilis dilindəki “saint”, türk və monqol dillərindəki “sayın”, türk və yapon dillərindəki “san” sözlərinin bir-birinə bənzədiyini görmək üçün peşəkar linqvist olmağa ehtiyac yoxdur.

E.ə. III əsrə aid “Protogenin şərəfinə Olviya dekreti”ndə belə bir maraqlı məlumat vardır: “Çar skifləri (sakaları) özlərini sayi adlandırırlar. Digər skiflər (sakalar) isə onlara müxtəlif hədiyyələr verirlər”. (Студопедия – Декрет в честь Протогена. //studopedia.info/4-55916.html.)

Tanınmış rus alimi, skif–sarmat arxeologiyası üzrə mütəxəssis Boris Qrakov (1899–1970) hesab edirdi ki, skiflərin “sayi” sözü qədim “hşaya” (şah) titulundan törənmişdir.

Zənnimizcə, ərəb dilindəki “seyid” sözünün də mənşəyi qədim saka xalqının “hşaya”, “şah” tituluna bağlıdır. Təsadüfi deyil ki, bugün də bəzi ölkələrdə İmam Əlini və İmam Hüseyni həm də Şah adlandırırlar.

Ərsakilərin nüfuz və hörmətinin qaldığı bir dövrdə ən çox pərəstiş edilən, sevilən şəxsiyyətlərdən biri də Babək idi. Bu, düşündürücü məsələdir. Babəkin Muhəmməd Peyğəmbərin nəslindən olmadığı bəllidir. Belə isə onun Ərsaki soyundan olduğunu iddia edə bilərikmi?

İslam mənbələrinə əsasən, Babəkin atasının adı Abdullah, anasının adı isə Bərumənd olub. Onlar Azərbaycanın Bilalabad (və ya Kəlanrud) kəndində yaşayıblar. Bir gözü görməyən Bərumənd bu kəndin yerli sakinlərindən idi. Ailəsini yağ satmaqla dolandıran Abdullah isə buraya vaxtilə Ərsakilərin qış paytaxtı olmuş, xarabalıqları bugün də İraqın paytaxtı Bağdaddan 32 kilometr aralıda yerləşən Mədain şəhərindən gəlmişdi.

Müsəlman salnaməçilərinin yazdıqlarına görə, Əməviləri devirib Abbasiləri hakimiyyət başına gətirmiş xorasanlı sərkərdə Əbu Muslimin (718–755) qızı Fatimənin oğlu Mütəhhər Babəkin ata babası idi. Qeyd etmək lazımdır ki, Əbu Muslim Abbasi xəlifəsi Abdullah əl-Mənsurun (714–767) əmri ilə qətlə yetirilmişdi.

Babəkin valideynləri haqqında məlumatların doğruluq dərəcəsini bilmirik. Lakin aydın olan budur ki, informasiya müharibəsi (dezinformasiyaların ötürülməsi) bütün dövrlərdə hərbi əməliyyatları və siyasi qarşıdurmaları müşayiət etmişdir.

Haşiyə:

İslam ənənəsinə görə, On İkinci İmam Mehdinin zühurundan əvvəl ortaya Dəccal adlı bir şəxs çıxacaq. O, İblisin sonuncu böyük xidmətçisi olacaq. Dəccal Yer üzündə zülmkar bir rejim qurub özünü ilah kimi təqdim edəcək. Sonda İmam Mehdi Dəccalı öldürüb bəşəriyyəti onun zülmündən, fitnə-fəsadından qurtaracaq.

Hədislərdə Dəccal təkgözlü bir varlıq kimi təsvir edilmişdir. Görünür, Babəkin anasının guya təkgözlü olduğunu az qala bütün salnamələrdə xüsusi vurğulayan Abbasi tarixçiləri Azərbaycan xalqının bu qəhrəman övladını belə bir yolla Dəccala bənzətmək istəyirdilər.

Fikrimizcə, Babəkin şah nəslindən olduğunu göstərən üç dəlil vardır:

– Bunlardan birincisi xürrəmilər hərəkatının rəhbəri Cavidan ibn Şəhrəkin (?–816) Babəki, 18 yaşlı “kəndlini” Bəzz qalasına aparıb öz varisi elan etməsidir.

– Digəri Babəkin öz sözləridir: “Bəlkə də mən bu gündən sonra çox yaşamadım, amma mən şah adını daşıyıram və harada olsam, barəmdə harada nə danışsalar, yenə də şah olaraq qalacağam”.

– Üçüncüsü isə Teofobosun (820 və ya 822–842) müəmmalı şəxsiyyəti ilə bağlıdır.

İslam tarixçisi və sufi şeyxi Əbu Muhəmməd Abdullah ibn Əsəd əl-Yafei əl-Yəməni (1298–1367) özünün “Mirat əl-cinan və ibrət əl-yəqzan fi mərifət həvadis əl-zəman və təqəlləb əhval əl-insan” əsərində yazırdı: “833-cü ildə Həmədan əhalisinin əksəriyyəti xürrəmiliyi qəbul etdi. Xəlifə Mötəsim Bağdad əmiri İshaq ibn İbrahimi onların üstünə göndərdi. (833-cü il dekabrın 25-də) Abbasilərin ordusu ilə Həmədan xürrəmiləri arasında döyüş baş verdi. Çoxlu xürrəmi həlak oldu. Sağ qalanlar Rum ölkəsinə (Şərqi Romaya) qaçdılar”.

Şərqi Roma tarixçisi və dövlət xadimi, pravoslav müqəddəsi Simeon Metafrastın (900–960) əsərində və “Theophanes Continuatus” (Teofanesin sələfləri) adlı salnamədə belə bir məlumat vardır: 834-cü ilin yanvarında imperiyanın ərazisinə ərəblərlə döyüşlərdən birində ağır məğlubiyyətə uğramış xürrəmilər daxil oldular. Azərbaycandan gəlmiş bu qaçqınların sayı mənbələrdən bəzilərində 7.000, digərlərində 14.000, başqalarında isə 30.000 nəfər göstərilmişdir. Mühacirlərin başçısı “İran padişahının” 12 yaşlı oğlu idi.

İmperator Teofilos (813–842) ona Teofobos (Tanrıdan qorxan) adını verdi. Yeniyetmə xürrəmi Şərqi Roma sarayına qəbul edildi, orada yaxşı təhsil aldı. Bir neçə ildən sonra Teofobos imperatorun bacısı Teodora ilə evlənib Şərqi Roma ordusunun iri birləşmələrindən birinin komandiri təyin edildi. Şərqi Roma şəhərlərinin sakinləri Teofobosu çox sevirdilər. 842-ci ildə 22 yaşlı Teofobos ölümcül xəstə olan İmperator Teofilosun əmri ilə qətlə yetirildi. («Продолжатель Феофана. Жизнеописания византийских царей». Книга III. Москва – «Наука» – 1992)

Haşiyə:

İmperator Teofilosun anası Fekla (?–823) Vardan adlı Şərqi Roma sərkərdəsinin qızı idi. Həmin Vardan qədim ərmənlərin Mamikonyan nəslindən olmuşdur. Bir məsələni də vurğulayaq ki, qədim ərmənlərin indiki haylara, əslində, heç bir aidiyyəti yoxdur.

Mamikonyanlar özləri iddia edirdilər ki, onların ulu babaları – Mamqon və Konak qardaşları Çen adlı ölkədən gəlmişlər. Bu ehtimala əsaslanan hay, rus və Avropa tarixçiləri belə bir fərziyyə irəli sürmüşlər ki, guya ilk Mamikonyanlar etnik çinli olmuşlar. Amma onlar bir neçə fakta diqqət yetirməmişlər:

– XV əsrdə yaşamış Sibir türk hökmdarının adı Mamuk xan idi. Mamukxan adı ilə Mamikon (və ya Mamqon) adı arasında bənzərlik, bəlkə də eynilik dərhal nəzərə çarpır.

– Azərbaycanın Ağdam və Göranboy rayonlarında, İranın Qərbi Azərbaycan ostanının Qaraqoyunlu dehistanında Cinli adlı üç kənd vardır. Göründüyü kimi, Cinli və Çen toponimləri arasında da oxşarlıq vardır.

– İmperator Teofilosun Mamikonyan nəslindən olan ana babasının tam adı Türk Vardan idi.

Bütün bu faktlar aydın şəkildə ona dəlalət edir ki, Mamikonyan nəsli türk əsilli olmuşdur.

Şərqi Roma imperatoru Teofilos xürrəmi Teofobosu özünün iki yaşlı oğlu Mixaelin (840–867) ən təhlükəli gələcək rəqibi hesab edirdi. Sual yaranır: Yad ölkəyə qaçqın kimi gəlmiş bir gənc hansı keyfiyyətlərə malik olmalı və özü ilə nə gətirməli idi ki, imperatorun yaxın qohumu ilə evlənə bilsin, mənsəbə yüksəlsin, sonda taxt-taca namizədlərdən birinə çevrilsin?

Fikrimizcə, məsələ heç də hərbi qüvvə və sərvətdə deyildi. Sözsüz ki, qüdrətli bir imperiyanın rəhbərini bunlarla təəccübləndirmək olmazdı. Amma gənc Teofobos Azərbaycandan özü ilə elə bir miras gətirmişdi ki, bunu onun əlindən heç kim ala bilməzdi. Həmin irsin daşıyıcısını yalnız öldürmək olardı. İmperator belə də etdi. Bu, çox güman ki, Teofobosun və onun atası Babəkin (yaxud Babəkin qardası Abdullahın), onları Ərsakilərin hökmdar soyuna bağlayan nəsəbi, şəcərəsi idi!

Bir məsələni də qeyd edək ki, xürrəmilərin ikinci böyük rəhbəri Məzyər ibn Karen (?–839) qədim parfiyalıların (pəhləvanların) məşhur Karen soyuna mənsub idi. Yeri gəlmişkən, ərəb tarixçiləri də Məzyərin müsəlman olduğunu etiraf edirdilər. Rəvayətə görə, Karen nəslinin əcdadı parfiyalıların daxa (təkə) ittifaqının parni (barani) tayfasının başçısı olmuşdu. Məzyər ibn Karen 839-cu ildə ərəblərə əsir düşmüşdü. Xəlifə Mötəsimin əmri ilə onu Babəkin edam olunduğu yerdə qətlə yetirmişdilər. İran şahı Muhəmməd Rza Pəhləvi (1878–1944) iddia edirdi ki, onun ata xətti ilə ulu əcdadı parfiyalıların Karen soyundan olmuşdur.

Xürrəmilərlə bağlı söhbətimizin sonunda onların dini inancları haqqında danışaq… Sovet tarixşünaslığında xürrəmiliklə zərdüştilik eyniləşdirilir, Babək isə məzdəki adlanırdı. Bu iddianı həqiqət kimi qəbul etmək olarmı? Yalnız bunu vurğulayaq ki, nüfuzlu İslam məzhəbşünası Əbulfəth Muhəmməd əş-Şəhristani (1075–1153) xürrəmiliyi İslam dininin şiəlik qolunun Keysaniyyə məzhəbinin Haşimiyyə təriqətinə aid etmişdir. Onun fikri kifayət qədər mötəbər sayılır. (Шахрастани. «Книга о религиях и сектах», с. 117. Москва – «Наука» – 1999)

İslam tarixçisi Əbu Mənsur əl-Təmimi əl-Bağdadi (980–1037) özünün “Kitab əl-fərq bəyn əl-firaq” əsərində yazırdı:

Xürrəmilik İslam dövlətində əmələ gəlib və iki qrupa bölünür: Babəkiyyə və məzyəriyyə. Hər ikisi mühəmmirə adı ilə məşhurdur. Babəkilər – Azərbaycan vilayətinin Bəzzeyn dağında ortaya çıxmış Babək əl-Xürrəminin ardıcıllarıdır. Məzyəriyyəyə gəlincə, onlar Corcanda mühəmmirə dinini yaymış Məzyər ibn Karenin davamçılarıdır.

Xürrəmilər (Babəkin ardıcılları) dağda müsəlmanlar üçün onları namaza çağıran məscid tikmişlər. Onlar öz uşaqlarına “Qurani-Kərim”i öyrədirlər. Lakin gizlicə namaz qılmır, Ramazan ayında oruc tutmur və kafirlərə qarşı cihadı məcburi hesab etmirlər (?!). Məzyərin ardıcılları (olan xürrəmilər də) zahirdə İslama pərəstiş edir, batində isə onu istəmədiklərini gizlədirlər (?!).

Haşiyə:

Müsbət haldır ki, son illərdə Babək hərəkatının tarixinə alternativ baxış təklif edən, xürrəmiliyin İslami cərəyan olduğunu əsaslandıran əsərlər ərsəyə gəlmişdir. Onlardan professor Kərəm Məmmədlinin “Səsli tarix: Babək” filmini, Ceyhun Bayramlının “Təhrif edilmiş tarix: Babək və hürrəmilər olduğu kimi”, Mübariz Mehrəlinin “Babək müsəlman olub” kitablarını, Əziz Rzazadənin “Babək İslamı məhv edəcəkdi” məqaləsini qeyd edə bilərik.

Lakin xürrəmiliyin İslami cərəyan olması maqların bu hərəkatdan kənarda qalması demək deyildi. Əvvəldə qeyd etdiyimiz kimi, formanın dəyişməsi heç də həmişə məzmunun da dəyişməsinə gətirib çıxarmır. İslamdan əvvəlki maqlar filosof və ilahiyyatçı idilər. İslamı qəbul etdikdən sonra da onlar filosof və ilahiyyatçı olaraq qaldılar. Sadəcə indi maqlara sufi deyirdilər…

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Related Articles

Bir cavab yazın

Back to top button