Azərbaycanİran

Bakıda İran səfirinin 10 fevral ziyafətindən kütləvi imtinalar başladı…

Səfirlik inqilabın 44 -cü ildönüm tədbirini təxirə sala bilər...

Tehranda Azərbaycan səfirliyinə qarşı terror hücumu ilə bağlı yeni təfərrüatlar meydana çıxdıqca, hadisəyə reaksiya formaları da çoxalır. Xüsusilə də Azərbaycan cəmiyyətinin cinayət faktına münasibəti daha fəal və çevik xarakter daşıyır. Həlak olmuş diplomatı şəhid hesab edən cəmiyyət 1 və 2-ci Qarabağ müharibələrinin də şəhidlərinin ölümündə İran dövlətinin müqəssir olduğu fikrini qəbul edir. Haqlı olaraq hesab edilir ki, İran Ermənistanın təcavüzünün davam etdiyi 30 il ərzində təcavüzkar dövlətə hər cür yardım göstərdi, təcavüzün nəticələrinin tanınmasına dəstəkçi olduğu üçün əlləri və vicdanı Azərbaycan şəhidlərinin qanına bulaşıb.

Cəmiyyətimizin kəskin etirazları fonunda yeni məlumat almışıq.

Azərbaycanın siyasi, ictimai, elm və mədəniyyət elitası bu il fevralın 10-da İran səfirliyinin Bakıda Park Bulvarda İran inqilabının 44 illiyi münasibətilə keçirməyə hazırlaşdığı qəbul-ziyafətdə iştirakdan  kütləvi imtina etməyə hazırlaşır. Səfirlik dəvətnamələri artıq paylaşdırıb. Vətənpərvər və prinsipial mövqeyi ilə tanınan məşhurlarla əlaqə saxladıq, danışdığımız dəvətlilərin hamısı tədbirdə iştirak etmıyəcəklərini birmənalı söylədilər. “Terror mənbəyi olan bir inqilabın ildönümü bizim üçün əlamətdar tarix ola bilməz”, “İranın çörəyini yemək də haramdır”, “Orda diplomatı güllələ, burda camaata yemək ver”, “hər kəs səfirliyin ziyafətini boykot etməlidir” və sair kimi aqressiv çağırış və etirazlar eşitdik. Bəzi şəxslər açıq imtina və çağırışlarla mətbuata çıxacaqlarını da bildirdilər.

Bu sırada tanınmış siyasətçilər, QHT təmsilçiləri, ictimaiyyət nümayəndələri, din xadimləri, elm və mədəniyyət adamları var. Olduqca maraqlı etiraz fikirləri ilə mediaya çıxacaqlarını dedilər.

Bakıda İran səfirliyinə yaxın bir mənbənin dediyinə görə, səfirliyin özü də ölkədə artıq ovqatın aqressiv şəkil aldığını hiss etdiyi üçün 44 illik ziyafət tədbirini hətta təxirə salmaq barədə də düşünür.

Tanınmış Azərbaycan ziyalılarından biri bizimlə söhbətində ziyafətə dəvət edilmədiyini bildirdi, lakin əlavə etdi ki, dəvət olunsaydı, mütləq imtina edərdi. “Molla inqilabının 44 illik tədbirində iştirak etmək 44 günlük Vətən savaşında şərəfli ömrünü fəda etmiş şəhidlərimizin ruhuna və qazilərimizin xatirinə hörmətsizlik olardı” deyə tanınmış ziyalı bildirdi.(baki-xeber)

Əli TURABOV

Related Articles

Bir cavab yazın

Back to top button