Martın 11-də Litvanın “Jalqiris” və İspaniyanın “Barselona” klubları arasında Avroliqanın basketbol matçı keçirilib. Oyun əsnasında komandalar və azarkeşlər Ukraynaya öz dəstəklərini ifadə ediblər.
Belə ki, Kaunasdan olan komanda ölkələrinin Müstəqillik Günündə meydana ənənəvi ağ-yaşıl formada deyil, Ukrayna bayrağının rənglərində çıxıb.
Oyundan əvvəl həmçinin “Müharibəyə yox” yazısı olan plakatlar da çıxarılıb. Çağırış hər iki komanda, eləcə də hakimlər tərəfindən dəstəklənib.
Bundan əlavə, Kaunasdakı arenanın tribunalarında azarkeşlər Ukrayna bayraqlarını asaraq, öz həmrəyliklərini bildiriblər.
Qeyd edək ki, “Jalqiris” turnirin lideri üzərində sensasiyalı qələbə qazanıb – 91:84. Litvalılar 23 oyundan sonra hesabında 7 qələbə ilə turnir cədvəlində 13-cü yeri tutur.