Azərbaycan

Bu gün Əli bəy Hüseynzadənin doğum günüdür

Bu gün böyük Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olan Əli bəy Hüseynzadənin doğum günüdür. Əli bəy Hüseynzadə 1864-cü il 24 fevriyə tarixində Salyanda anadan olub. Atasını erkən itirən Hüseynzadə kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Tiflisə köçüb və o zaman Qafqaz şeyxülislamı olan babası Axund Əhməd Səlyaninin himayəsində böyüyüb. Tiflis orta mədrəsəsini bitirən Əli bəy Hüseynzadə,– hələ uşaqlıq və öyrənci illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənib. 1885-ci ildə Peterburq danişqahının riyaziyyat fakültəsinə daxil olaraq həm də şərq fakültəsində görkəmli professorların mühazirələrini dinləyib. Burada dövrün məşhur elm uzmanları – Mendeleyev, Baqner, Menşutkin, Jukovski və başqalarından dərs alan Əli bəy imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olub. Həmin dövrdə “xalqçılar” hərəkatına böyük rəğbət bəsləyib. Bu səbəbdən bir sıra inqilabçı öyrəncilər kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalıb. Rusiya imperiyasının paytaxtındakı ictimai-siyasi təlatümlərlə ilgili olaraq Əli bəy Hüseynzadə Türkiyəyə, İstanbula gedərək orada darülfünunda əsgəri-tibbiyyə fakültəsində tədris almaqla dəri həkimliyi ixtisası və yüzbaşı nizami rütbəsi qazanıb. 1897-ci ildə o, Qırmızı Aypara Cəmiyyəti timinin tərkibində İtaliyaya gedib və üç ildən sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünunda əsgəri-tibb fakültəsində professor yardımçısı vəzifəsinə təyin edilib. O, burada da inqilabçı gənc türklər hərəkatına qoşulduğuna və “İttihad və tərəqqi” partiyasının ilk özəyini yaradanlardan biri olduğuna görə təqib olunub.
Hüseynzadə bütün ömrü boyu öz qələmi ilə butöv türk mənəvi dəyərlərini tədqiq və təbliğ edib, türkün gəlişməsi adına öz parlaq istedadının bütün gücü ilə çarpışıb. Türkiyədəki təqiblərdən sonra Azərbaycana qayıdan Hüseynzadə “Kaspi” qəzeti ilə əməkdaşlığa başlayıb və publisistik yazılarını dərc etdirib. “Gənc türkçülük nədir?” adlı məqaləsi ilə türk tənzimat hərəkatının mahiyyətini açıqlayıb. Hüseynzadə o zaman islahatçı-reformist ideya adamı kimi tanınırdı. Az sonra o, dövrünün məşhur ictimai xadim və publisisti Əhməd bəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə “Həyat” qəzetinin nəşrinə başlayıblar. XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiyon mühitinin formalaşmasında milli mətbuat nümunələri önəmli rol oynayıb. Jurnalistliyin ictimai fikir tribununa çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur. “Füyuzat” jurnalı və onun yaradıcı timinin xidmətləri bu mənada diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmayıblar, füyuzatçılıq xətti-hərəkatını, “Füyuzat” jurnalistliyi cərəyanı yaratmaqla tarix səhifələrinə öz imzalarını həkk ediblər. “Füyuzat”da Əli bəy Hüseynzadə məqalələrinin birində yazırdı: “Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa qiyafəli fədai!” Bu fikir füyuzatçı mətbuat orqanları tərəfindən təkmilləşdirildi və “Tazə həyat”, “İrşad”, “Yeni füyuzat”, “Həqiqət”, “Tərəqqi”, “İqbal”, “Sədayi-həqq”, “Şəlalə”, “Açıq söz”, “Bəsirət”, “Qurtuluş”, “Dirilik”, “Azərbaycan”, “Övraqi-nəfisə” mətbuat orqanları tərəfindən “Türkləşmək, islamlaşmaq, müasirləşmək” – azərbaycançılıq şəklində təbliğ olundu.

Related Articles

Bir cavab yazın

Back to top button