Azərbaycanİran

Bu gün Cavad Heyətin doğum günüdür

Bu gün azərbaycanlı cərrah, alim, maarifpərvər ziyalı, “Varlıq” jurnalının təsisçisi Doktor Cavad Heyətin doğum günüdür.
Cavad Heyət xordadın 3-ü 1304-cü günəş ilində Təbrizdə ziyalı ailəsində anadan olub. O, Azərbaycan türkcəsində önəmli tarixi araşdırmaları ilə tanınır. Cavad Heyət ilk və orta təhsilini Təbriz, Həmədan və Tehranda alıb. Orta nizami mədrəsəni bitirdikdən sonra o, Tehran Bilimyurduna keçib. Burada təhsil alarkən özü Avropa bilimyurdlarından birinə qəbul olmaq istəsə də atası Mirzə Əli Heyət ona mane olur. Bundan sonra Cavad Heyət ikinci termdən ali təhsilini Türkiyənin İstanbul Bilimyurdunda davam etdirərək, 1943–1946-cı illərdə burada tibb fakültəsində oxuyur. O, təhsilinin davamı üçün Parisə gedir, daha sonra Tehrana dönərək cərrah kimi fəaliyyət göstərir. İranda ilk dəfə açıq ürək, Tehranda isə ilk dəfə böyrəkköçürmə əməliyyatlarını həyata keçirir. O, göstərdiyi bu və buna bənzər başarılardan dolayı Paris Cərrahlıq Akademisinin üzvü seçilib. Cavad Heyət “Daneşe pezeşki” adlı tibb dərgisini təsis edir. Alim burada özünün 100-dən çox məqaləsini dərc etdirir. Bununla da Cavad Heyətin cərrahlıqla bağlı 3 kitabı işıq üzü görür.
Doktor Cavad Heyət İran inqilabının ilk illərindən bir neçə dostu ilə birlikdə “Varlıq” dərgisini yayınlayır. Professor Cavad Heyət ilk dəfə olaraq Güney Azərbaycanda vahid yazı qaydasının ortoqrafisi üzrə seminar təşkil edib.
Professor Cavad Heyət Azərbaycan Cümhuriyyəti bilimyurdlarında fəxri doktor və professor, türk dili qurumunun şərəf üyəsi, İstanbul Bilimyurdunun həm tibb, həm də türkoloji bölümünün fəxri doktoru adlarına layiq görülüb.
Görkəmli şəxsiyyət 21 mordad 1393-cü günəş ilində dünyasını dəyişib.

Related Articles

Bir cavab yazın

Back to top button