Azərbaycan

Bu gün od çərşənbəsidir

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur. Od çərşənbəsi Bahar bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir. Od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəlib çıxıb. Od çərşənbəsinin mahiyyətində odun qutsal sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Od çərşənbəsinə bəzən “Üzgü çərşənbə”, “Üzgü axşamı”, “Addı çərşənbə” də deyirlər. Bu çərşənbə qədim insanların günəşə, oda olan qutsal inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla içdə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Başqa çərşənbələrdə olduğu kimi, Od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir. Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər. Qalanan tonqal isə həmişə nəyəsə işarə olub. Bunu “Kitabi-Dədə Qorqud” dastanından da aydın görmək olar. Zərdüştlükdən hələ çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşin yerdəki simvolu olan odu təsəvvürlərində rəmzləşdiriblər. Belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləyib oxşasa, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər. Bildirək ki, Yel çərşənbəsi isə ilaxır çərşənbənin üçüncüsüdür. O, xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” adı ilə də tanınır. Torpaq çərşənbəsini “torpaq – çillə – beçə çərşənbəsi” də adlandırırlar. “İlaxır çərşənbə”, “torpaq çərşənbəsi”, “çərşənbə – suri” adları ilə də tanınır. Qeyd edək ki, Azərbaycanda marsın 9-da Yel çərşənbəsi qeyd olunacaq. Novruzun ilaxır – Torpaq çərşənbəsi isə marsın 16-da qeyd ediləcək. Bu il Azərbaycana yaz fəsli marsın 20-si saat 13:37-də qədəm qoyacaq. Marsın 20-si ölkədə bayram axşamı, 21-i isə bayram günü kimi qeyd ediləcək.

Related Articles

Bir cavab yazın

Back to top button