Dünya

Bu gün Türkiyənin Zəfər bayramıdır

Aqustun 30-u Türkiyə tarixinin ən əhəmiyyətli günlərindən biri – Zəfər bayramıdır.
1922-ci il aqustun 26-da türk qoşunları Mustafa Kamal Paşanın rəhbərliyi ilə düşmən üzərinə hücum çəkir. İki gün ərzində yunan ordusunun 5 ləşkəri məhv edilir. Aqustun 30-da isə yunan ordusu Difa qabiliyyətindən məhrum olur. Beləliklə, ölkənin cənub-qərbini yunanların işğalından azad edən türk ordusu qələbəsini Türkiyə tarixinə qızıl hərflərlə yazmağı bacarır.
İki həftə ərzində türk ordusu 100 kilometr enində cəbhə boyunca 500-600 kilometr irəliləyib. Nəticədə yunan qoşunlarının qalıqları Aralıq dənizinə çataraq gəmilərlə bölgəni tərk etməyə məcbur olub. Bu mübarizədə 13 min türk əsgəri canını fəda edib.
Bu gün həmin zəfər tarixindən düz 98 il ötür. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu münasibətlə təbrik mesajında bildirir:
“30 aqust zəfərilə bu torpaqların əzəli və əbədi vətənimiz olduğu bütün dünyaya bir daha elan olunub. Bu zəfər tarixə qovuşdurulmaq istənən bir millətin küllərindən yenidən doğulmasının, şəxslərinin tarix səhnəsində yenidən çıxışının elanıdır”.
Ölkə başçısı bildirib ki, bu gün Şimali Qıbrıs Türk cumhuriyyəti əhalisi də daxil olmaqla türk milləti olaraq bu zəfəri bayram edirlər.
Biz də Azərbaycan Mərkəz Partiyasının başqanı, ANT Televiziyasının rəhbəri Saleh Kamrani başda olmaqla qardaş Türkiyə dövlətini Zəfər Bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, bu qələbə naminə şəhid olan türk əsgərlərinin ruhlarına ehtiramımızı bildiririk. Şanlı Zəfər Bayramınız qutlu olsun!

Related Articles

Bir cavab yazın

Back to top button