İran

Cabbar Baxçabanın vəfatından 54 il ötür

1345-ci il azərin 4-ü görkəmli şəxsiyyət, farsca işarət dilinin yaradıcısı Mirzə Cabbar Əsgər oğlu Əsgərzadə Bağçabanın vəfat etdiyi tarixdir.

Mirzə Cabbar Əsgər oğlu Əsgərzadə Bağçaban, 1885-ci ilin juənində İrəvanda Urmulu və ya başqa ehtimalla Təbrizli bir ailədə dünyaya göz açıb. Cabbar Əsgərzadə İranda ilk dəfə uşaq bağçası və lal-karlar mədrəsəsinin qurucusu, İranda ilk uşaq kitabının yazarı, eləcə də naşiri, farsca işarə dilinin banisidir.
O, ilk təhsilini mollaxanada alıb. Atası Əsgər bəy İrəvanda memarlıq və qənnadilik sahəsində öz dövrünün tanınmış simalarından olub. Cabbar Əsgərzadə də gənc yaşlarından bu peşələrə yiyələnib, qadın və uşaqların təhsil, eləcə də təlim-tərbiyə məsələlərinə yüksək həssaslıqla yanaşıb. Bu səbəbdən də o, gənclik illərindən etibarən qadın və uşaqlara dərs verməyə başlayır. Dövri çətinliklərinə baxmayaraq, Cabbar Əsgərzadə insan haqqlarının qorunmasında önəmli xidmətlər göstərib.
Gənc ziyalı 1905-ci ildə İrəvanda erməni-müsəlman çaxnaşmalarında ictimai fəallığına görə bir neçə aylıq həbsxanada saxlanılır. O, ilk qəzetlərini – “Molla nəhib” və “Mollabaşı” adlı həftəlik dərgilərini elə həbsxanada olarkən nəşr etdirir. Cabbar bəy dərgilərə yazıları özü yazır, rəsmləri özü çəkirdi.
O, jurnalistlik fəaliyyətinə “Qafqaz” qəzetinin raporlarından biri olaraq başlayır. Dəfələrlə “Molla Nəsrəddin” məcmuəsində şeir və məqalələrlə çıxış edir.
İrəvan fərmandarlığının 21 janviyə 1914-cü il tarixində Mirməhəmməd Mirfətullayev və Cabbar Əsgərzadəyə verdiyi icazəyə görə onlar həmin il fevriyənin 22-də hənək yaxud tənz “Lək-lək” jurnalının ilk nömrəsini buraxmağa müvəffəq olurlar. Qeyd edək ki, “Lək-lək” dərgisinin cəmi 8 nömrəsi işıq üzü görür. Bu dərgi dili, üslubu, ifadə tərzi və təqdim etdiyi məlumatları baxımından dövrün “Molla Nəsrəddin”i ilə səsləşir.

Birinci dünya savaşı illərində daşnakların azərbaycanlılara qarşı törətdiyi cinayətlərə görə minlərlə azərbaycanlı kimi Cabbar Bağçaban da İrəvanı tərk edərək Türkiyəyə gedir. Bir müddət Türkiyənin İğdır vilayətində dövlət işçisi kimi çalışsa da, savaşdan sonra İrəvana qayıdır. Ancaq maddi imkansızlıq onu 1919-cu ildə İrana üz tutmağa məcbur edir. Yolda ayaqlarını şaxta vurduğundan həkimlər onun həyatını xilas etmək üçün ayaq barmaqlarını kəsir. Uzun müddətdən sonra o, “Əhmədiyyə” mədrəsəsində ibtidai sinif müəllimi kimi çalışır.
Cabbar bəy burada işlədiyi müddətdə azərbaycan dilində “Xor-xor” adlı uşaq ssenarisini yazır və tamaşa mədrəsəsi həyətində uşaqlar tərəfindən səhnələşdirilir.
Cabbar Bağçabanın yenilikçi çalışması çox keçmir ki, Təbriz və Şiraz maarif idarələrinin diqqətini çəkir. O, 1920-ci ildə Təbrizə dəvət edilir. Təbrizə gələn Bağçaban burada “Daneş” adlı mədrəsədə bir müddət işləyir.
1932-ci ildə Cabbar bəy ailəsi ilə birlikdə Tehrana köçür. Buna səbəb isə Təbriz mədrəsələrində farsca danışmağın icbari olması idi. O, 1933-1935-ci illərdə Tehranda eşitmə və nitq məhdudiyyətli uşaqlar üçün mədrəsə açır. Cabbar Əsgərzadə 1943-cü ildə “Lal-kar uşaqları himayə cəmiyyəti”ni təsis edir.
O, 1943-cü ildə müəllimlər üçün məcmuə nəşr etdirir. Bundan başqa “Zəban” adlı mürəbbilik jurnalını da çap etdirməyə müvəffəq olur.
Cabbar bəy ərəb, fars, rus dillərinə səlis yiyələnib, xarici ölkə xalqlarının seçmə ədəbiyyatından tərcümələr edib. Əsərlərini Azərbaycan və rus dillərində yazıb. O, şeirlərini Cabbar Əsgərzadə, Aciz, Bağçaban, hənək yatənz şeirlərini isə “Məhkəmə pişiyi”, “Noxtalı”, “Leyləyin yuvadibisi”, “Molla haray” və başqa imzalarla çap etdirib. Görkəmli elm xadimi maarif sahəsindəki xidmətlərinə görə Tehran danişqahı tərəfindən professor adına layiq görülür.
Cabbar Bağçabanın ən önəmli işlərindən biri isə güney Azərbaycanda ilk dəfə olaraq eşitmə məhudiyyətli uşaqlar üçün sümükdən qulaqlıq ixtira etməsi olub.
Cabbar Əsgərzadə Bağçaban 1966-cı ildə 81 yaşında dünyasını dəyişib. Mərhum Şəhri Reydə Əştəri adlı bir dostunun şəxsi mülkündə dəfn olunub. Təəssüf ki, hazırda onun məzarı dağılmaq üzrədir.

Related Articles

Bir cavab yazın

Back to top button