Azərbaycan

“Ceyranların Təbriz dedi, mələdi…”- Bütöv Azərbaycan sevdalısı Elçibəyin anım günüdür

Bu gün Milli Azadlıq Hərəkatının rəhbərlərindən biri, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycanın ikinci Prezidenti Əbülfəz Elçibəyin vəfatının növbəti ildönümüdür.

Sabiq Prezidentin ölümündən 22 il ötür.

Qeyd edək ki, Əbülfəz Elçibəy 1938-ci ilin iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub.

1962-ci ildə universiteti bitirərək təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib.

1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Ə.Elçibəy 1964-cü ilin oktyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb.

Ə.Elçibəy 80-ci illərin sonlarında Azərbaycanda başlayan milli azadlıq hərəkatının rəhbərlərindən, Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri olub. 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçilib.

O daha sonra siyasi fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib.

Elçibəyin siyasi fəaliyyətində bütöv Azərbaycançılıq əsas yerlərdən birini tutub.

O, hələ ötən əsrin 70-80-ci illərində Milli Azadlıq Qərargahı (MAQ) adlı gizli qurumdakı dostları ilə birlikdə 1928-ci ildə iki yerə parçalanmış Azərbaycanın birliyi məsələsini qoyur, bunun yollarını müzakirə edirdilər.

Bu ideya o zaman çoxlarına utopiya görünsə də Elçibəy və dostları rus və fars şovinistləri tərəfindən iki yerə bölünən Azərbaycanın birləşəcəyinə inanırdı. Elçibəy 1989-cu ildə dostu, böyük azərbaycanlı, görkəmli alim Xudu Məmmədova yazırdı:
Qara qaplanların qalxdı çilədi
Dədəm gözün aydın, ay gözün aydın.
Ceyranların Təbriz dedi mələdi
Dədəm gözün aydın, ay gözün aydın.

Araz axıb Kürə dəyib durulur,
Dəli könül ay-ulduza vurulur
Bu gün-cabah Xudafərin qurulur
Dədəm gözün aydın, ay gözün aydın.

1993-cü ildə Rusiyanın dəstək verdiyi hərbi qiyamla hakimiyyətdən devrilən Elçibəy sürgün həyatı yaşadığı Kələki kəndində Güney Azərbaycan milli fəalları ilə əlaqə saxlayır, ana dili və milli kimlik uğrunda mübarizədə həbs edilən güneyli soydaşalrımıza yardım etməyə çalışırdı.

1997-ci ildə Bakıya qayıdan Elçibəy həyatının son gününə qədər Güney Azərbaycan mələsəsi ilə məşğul oldu. O, bütöv Azərbaycançılıq ideyasının siyasi gündəmə çıxmasına nail olmağa çalışırdı.

Ə.Elçibəy 2000-ci il avqustun 22-də 62 yaşında Türkiyənin Gülhanə Hərbi Tibbi Akademiyasında vəfat edib.

O, Fəxri xiyabanda dəfn olunub.

Related Articles

Bir cavab yazın

Back to top button