Araşdırma & TəhlilAzərbaycanİran

Güney Azərbaycan mediasından gözləntilər

Media dünyada baş verən olayları insanlara çatdıran vasitəçi rolunu oynayır. Bu vasitəçi siyasət, iqtisad, kültürdən tutmuş ictimaiyyətə qədər bütün sahələrin bir parçasıdır. Özəlliklə siyasət dünyasında medianın gücü ilə əhatə olunan şəxslər hər zaman başırılı olur. Elə buna görə də çağdaş dövrdə medianın varlığı olduqca önəmli qəbul edilir. Medianı insanların söz azadlığı hüququ kimi də təqdim edə bilərik. Bildirək ki, media hər zaman millətlə siyasətçilər arasında mübahisə edilən bir gücə çevrilib. Mətbuatın siyasətçilər, dövlət adamlarından daha çox millətin əlində olduğu ölkələrdə demokrasi hakim olur. İranda mətbuat tarixinə nəzər salsaq azadlıq ilə demokrasinin də tarixinə aydınlıq gətirmiş olarıq. Belə ki, keçmişdən bu günə qədər düzgün demokrasi təcrübəsinin olmadığı ölkədə medianın da azadlığından söz gedə bilməz. Demokrasinin olmaması medianın iqtidardan aslılığı mənasını göstərir. Güney azərbaycanlılar İran millətləri içərisində sansur ilə boykotun anlamını ən yaxşı anlayan toplumlardandır. Çünki Güney Azərbaycan türkləri uzun illərdir hakimiyyətin sansur ilə boykotuna məruz qalırlar. Buna görə də Güney Azərbaycanda azad mediaya hər zaman ehtiyac duyulur. Qeyd edək ki, doşənbə günü Aznews.TV televizyonunun başqanı Saleh Kamrani “Club house”da çıxışı zamanı Azərbaycanda media məsələsini gündəmə gətirib. Aznews.TV müdirlərinin də qatıldığı “Club house” yayımında Güney Azərbaycanda media məsələsi müzakirə mövzusuna çevrilib. 3 saatdan çox davam edən toplantıya onlarla azərbaycanlı mədəni, siyasi fəallar da qatılıb. Onlar da bu məsələ ilə bağlı fikirlərini səsləndiriblər. Toplantıda media üçün böyük məbləğdə sərmayələrə ehtiyac olmasından, bu məsələ ilə bağlı Güney Azərbaycanının yaşadığı çətinliklərdən söz açılıb. Özəlliklə farsdilli mərkəzçi medialarla müqayisədə çox az sərmayəyə sahib Güney Azərbaycan medialarının bu yolda çətinliklərinə toxunulub. Bundan başqa, uzun illərdir davam edən ayrı-seçkilik siyasətinin Güney Azərbaycan mediasına zərərləri barədə də danışıqlar aparılıb. Toplantı iştirakçıları Güney Azərbaycan medialarının zəflərindən də söz açıblar. Özəlliklə Aznews.TV -nin yayıma başladığı zamanda hansı müşküllərlə üzləşməsi diqqətə çatdırılıb. “Club house”da Güney Azərbaycan mediaları ilə bağlı gözləntilər də geniş bir şəkildə müzakirə edilib. Vurğulayaq ki, bu kimi toplantılar media müdirləri ilə muxatəblər arasında danışıq yaradılması baxımından olduqca önəmlidir. Demokrasi, söz azadlığının önəmi haqqında danışan Azərbaycan fəallarının öz medialarını da tənqid etmələri gəlişmənin birinci addımı olaraq qəbul edilməlidir.

Related Articles

Bir cavab yazın

Back to top button