AzərbaycanDünyaİran

Güney Azərbaycan Təşkilatlarının Cənab Zelenski, Ukraynanın hörmətli prezidentinə məktubu

Güney Azərbaycan siyasi Təşkilatları Zelenskiyə məktub yazdilar

Cənab Zelenski, Ukraynanın hörmətli prezidenti

♦️ Zati-alilərinizin Rusiyanın Ukraynaya qarşı talehsiz təcavüzündə İran İslam Respublikasının terrorçu rejiminin iştirakı və Ukrayna xalqını öldürmək üçün silah göndərilməsi ilə bağlı sözləriniz və İran vətəndaşlarının rejimin cinayətkar əməllərinə etiraz etmək xahişiniz Güney Azərbaycan mətbuatında geniş əksini tapıb.
Bu müharibənin başlandığı gündən bəri Güney Azərbaycan Türklərinin ictimai rəyi bu savaşda insanların çəkdiyi əziyyətləri xüsusi həssaslıq və kədərlə izləyir.

♦️ Cənab Prezident,
İran əhalisinin təxminən 40%-ni təşkil edən Türk xalqı bir əsrdir ki, İran rejimləri tərəfindən şiddətli irqçi repressiyaya məruz qalır və İranda Türklər hər cür ayrı-seçkilik və repressiyalarla üzləşirlər. Millətimiz on illərdir ki, İrandakı şah və molla rejimlərinin müstəmləkəçilik və irqçi siyasətlərinə qarşı mübarizə aparır.
Biz çox yaxşı bilirik ki, siz və Ukrayna milləti də irqçilik və faşizmlə mübarizənin ön cəbhəsindəsiniz və açıq şəkildə deyə bilərik ki, Güney Azərbaycan Türklərinin və Ukrayna millətinin bu mənada dərdləri eynidir. Təbii ki faşizmin və irqçiliyin məğlubiyyəti məzlum və işğal olunmuş xalqların ortaq arzusudur.

♦️ Buna görə də Güney Azərbaycan Türklərinin siyasi təşkilatları olaraq Zati-aliləriniz və Ukrayna xalqını tam dəstəklədiyimizi bəyan edir və İran İslam Respublikası rejiminin anti-insani siyasətini pisləyirik.

♦️ Möhtərəm Prezident
Siz yaxşı bilirsiniz ki, İran İslam Respublikasının diktator rejimi İraq, Suriya, Yəmən, Əfqanıstan və s. ölkələrə terror müdaxilələri olduğu kimi, İran daxilində də öz vətəndaşlarına, xüsusən də fərqli etnik və dini cəmiyyətlərə qarşı repressiv tədbirlər görür.
Bir halda ki Güney Azərbaycan Türkləri İran rejiminin basqılarına məruz qalırlar, rejim Qarabağ bölgəsində Şimali Azərbaycanın tarixi torpaqlarını işğal edən təcavüzkarlara hərbi və digər növ yarımlar edərək dəstək vermişdir. Bu isə Güney Azərbaycanda küçə etirazlarına səbəb olmuşdur ki nəticədə yüzlərlə vətəndaşımız İran rejimi tərəfindən həbs edilmişdir.

♦️ Bütün dünya Azərbaycanlılarının taleyi ilə yaxından ilgliənən Azərbaycan Respublikasının möhtərəm prezidenti cənab İlham Əliyev də sizin kimi dəfələrlə Tehran rejimindən istəmişdi ki, başqa dövlətlərin işinə qarışmaqdan çəkinsin, lakin faşist İran rəhbərləri terrorçular və işğalçılara silah göndərərək, eləcə də Azərbaycan Respublikasının səfirliyinə hücum təşkil edərək öz faşist və terrorçu xislətlərini sübut etdilər.

♦️ Möhtərəm Prezident
Biz Güney Azərbaycan Türkləri və onun siyasi təşkilatları olaraq İran İslam Respublikasının müdaxiləçi və terrorçu siyasətləri, xüsusilə Ukraynanın günahsız vətəndaşlarını öldürmək üçün silah göndərilməsi qarşısında səssiz qalmamışıq. Bu mənada bu günə qədər İran İslam Cümhuriyyəti rejiminin terror siyasətlərinə qarşı çıxmışıq və çıxmaya davam edəcəyik. Çünki Güney Azərbaycan Türk millətinin ürəyi Ukraynalılarladır. Ümid edirik ki, siz də Ukrayna prezidenti və faşizm və irqçiliyə qarşı mübarizədə bir lider figür olaraq fars faşizmi və irqçiliyi tərəfindən əzilən Güney Azərbaycan Türklərinin səsi olasınız.

♦️ Ümid edirik ki, məzlum millətlərin birlik və həmrəyliyi faşizmin və irqçiliyin məğlubiyyətinə və məhvinə səbəb olacaq və zülm və işğal altında olan bütün xalqlar öz müqəddəratını təyin etmək hüququ əldə edəcəklər.

♦️ Azərbaycan Mərkəzi Partiyası – AMP

♦️ Azərbaycan Milli Müqavimət Təşkilatı – Dirəniş

♦️ Azərbaycan Öyrənci Hərəkatı – AZOH

♦️ Güney Azərbaycan Demokrat Partiyası – GADP

30/05/2023

Related Articles

Bir cavab yazın

Back to top button