Azərbaycan

Güney Azərbaycanda türkcənin rəsmi dil elan edildiyi gündür

6 yanvar Güney Azərbaycanda Milli Hökuməti qərarı ilə türkçənin dövlət dili elan edildiyi gündür.

Qeyd edək ki, qərar Milli Hökumətin 6 yanvar 1946 (16 dey 1324-cü il) tarixli iclasında qəbul edilib.

10 maddədən ibarət qərara görə, Azərbaycan dili Cənubi Azərbaycanda rəsmi dövlət dili elan olunub. Qərara əsasən bütün dövlət orqanları və idarələrdə yazışmalar, məktəblərdə tədris, nəşriyyat işləri türk dilində (Azərbaycan dili) aparılmalı idi.

Azərbaycanlı olmayanlara türk dilini öyrənib və əməli fəaliyyətdə ondan istifadə etmək üçün şərait yaradılır və dövlət dilini öyrənmək üçün möhlət qoyulub.

Cənubi Azərbaycanda olan azlıqlara öz dillərindən tədris və digər sahələrdə sərbəst istifadə etmək hüququ verilib.

Bununla birlikdə dövlət dilinin öyrənilməsi vətəndaşlıq borcu kimi onlara həvalə edilib.

Azərbaycan dilinin rəsmi dövlət dili elan edilməsi, məktəblərdə tədrisin, dövlət idarələrində danışıq və yazışmaların ancaq bu dildə aparılması dövlətin rəsmi göstərişi ilə Maarif Nazirliyinin 1№-li əmri ilə (1946 yanvar) həyata keçirilib.

Milli Hökumətin başçısı Seyid Cəfər Pişəvəri ana dilinin məktəb və tədris müəssisələrində işlədilməsinə, bu sahədə mövcud çətinliklərin tez aradan aparılmasına xüsusi diqqət ayırıb. Bu cəhətdən S.C.Pişəvərinin Maarif Nazirliynə ünvanladığı 1946 19 dekabr (1324-cü il 28 Azər) tarixli 28\465 №-li sərəncamda aşağıdakı qeyd olunur:

“Bütün milli və dövlət məktəblərində təlim və tərbiyənin Azərbaycan dilində aparılması üçün hazırlıq işləri görülsün;

-Maarif  Nazirliyinin tərkibində “dərs kitabları hazırlayan şöbə” yaradılsın;

-Alimlər, təcrübəli müəllim və məktəb müdirləri hazırlıq işinə cəlb edilsin;

-Azərbaycan dilində çap olunacaq dərsliklər nəzarət komissiyasının rəhbərliyi ilə hazırlansın və bu haqda maarif nazirliyi məlumatlandırılsın;

-Əlifbadan əlavə, ədəbiyyat, tarix, riyaziyyat, fizika, coğrafiya və s. fənlər üzrə kitablar hazırlanıb çapa verilsin;

-Dərsliklər hazırlayan şöbənin reyasət heyətinə təcrübəli, məlumatlı və savadlı şəxslər cəlb edilsin;

-Dərsliklər hazırlayan şöbə 5 gün ərzində xərclənəcək pul və vəsaitin miqdarını müəyyənləşdirsin;

-Dərslikləri hazırlayan şöbə bir aydan gec olmayaraq 1-4 sinflər üçün azərbaycanca dərslikləri hazırlayıb, çap etdirsin;

-Bütün milli və dövlət məktəb rəhbərlərinə göstəriş verilsin ki, azərbaycanca dərsliklər hazırlanana qədər mövcud dərsliklərdən istifadə etməklə tədrisi ana dilində aparsınlar.

Həmin dövrdə 7 cilddən ibarət “Ana dili” adlı metodik dərs vəsaiti hazırlanıb, sonrakı dövrlərdə də gizli şəkildə olsa da bu vəsaitdən Azərbaycan dilini öyrənmək üçün istifadə edilib.

Related Articles

Bir cavab yazın

Back to top button