Dünya

İran Amerikanın iki pilotsuz üzən gəmisini ələ keçirməyə çalışıb

İran Hərbi Dəniz Qüvvələri sentyabrın 1-də Qırmızı dənizdə iki Amerika pilotsuz üzən gəmisini ələ keçirdiyini və sonra onları buraxdığını iddia edib.

Adının açıqlanmasını istəməyən Amerika müdafiə rəsmisi “Associated Press” agentliyinə bildirib ki, bu gəmilər kəşfiyyat və kommersiya xarakteri daşıyır və bir çox müştərilər, o cümlədən alimlər tərəfindən dənizlərin vəziyyətini yoxlamaq üçün istifadə olunur.

Onun sözlərinə görə, Qırmızı dənizdə Amerikanın iki esminesi və bir sıra helikopterləri İranın hərəkətlərinə reaksiya verib. Amerika rəsmisi bildirib ki, onlar İran esminesi ilə radio vasitəsilə əlaqə saxlayıb və cümə günü səhər pilotsuz gəmilər iranlılar tərəfindən buraxılana qədər İran esminesini təqib etməyi dayandırmayıblar.

Eyni zamanda, Reuters xəbər agentliyi Amerika Müdafiə Nazirliyinin adının çəkilməsini istəməyən rəsmisinə istinadən xəbər verib ki, iranlılar əvvəlcə iki Amerika pilotsuz gəmisini brezentlə örtüb və onları ələ keçirdiklərini inkar ediblər. Amerika rəsmisi bildirib ki, yalnız Amerika hərbi gəmiləri hadisə yerinə yaxınlaşdıqdan sonra iranlılar iki gəmini buraxıblar. İran mediasının yayımladığı görüntülərdə uzaqdan bir döyüş gəmisi görünür.

Amerikanın Yaxın Şərqdə yerləşən Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının sözçüsü Timoti Havkins də “Associated Press”-ə müsahibəsində bu xəbəri təsdiqləyib, lakin əlavə təfərrüat verməkdən imtina edib.

Bu, nüvə sazişini canlandırmaq üçün səylərin göstərildiyi bir vaxtda, son günlər bu tipli ikinci hadisədir. Amerika Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanması avqustun 31-də axşamı Kəngər körfəzində İran İnqilabı Keşikçiləri Korpusunun təchizat və dəstək gəmiləri tərəfindən pilotsuz bir gəminin ələ keçirilməsinin qarşısını aldığını elan edib.

Related Articles

Bir cavab yazın

Back to top button