Azərbaycanİran

İran casusları mediada, məscidlərdə – daha haralarda…

Bünyamin Qəmbərli: “Hətta sizi əmin edirəm ki, müxalifət adlanan qurumun içində belə İrana xidmət edən qüvvələr var”

Azərbaycanın cənub qonşusu olan İranla zaman-zaman konfliktlər yaşanır. Bir çox hallarda İranın ölkəmizə qarşı təxribatları, bu dövlətin maliyyələşdirdiyi və xüsusi xidmət orqanları tərəfindən idarə olunan şəxslərin həyata keçirdiyi müxtəlif qanunsuz addımlar gündəmə gəlir.

Bəllidir ki, İran Azərbaycanda özünə güclü agentura seti formalaşdırıb. Onların əsasən dindar cameədə olduğu ehtimal edilir. Ancaq KİV-lərdə  aparılan son əməliyyat bunun hec də belə olmadığını sübut etdi. İran agentlərinin daha çox hansı sahələrdə olduğunu ehtimal etmək olar? Məsələn, siyasət, ədəbiyyat, mədəniyyət sahəsində belə agentlər ola bilərmi?

Müstəqil siyasətçi Bünyamin Qəmbərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İran 30 ildir Azərbaycanın yürütdüyü yaxşı və mehriban qonşuluq siyasətinə qarşı hər zaman bəd əməlləri ilə cavab verib: “Dəfələrlə bəyan etmişik ki, İrandan Azərbaycana yaxşı dost, qonşu olmaz. Onlar Azərbaycanın müstəqilliyi və güclənməsini həzm edə bilmir. Belə bir ölkəyə qarşı dostluq münasibəti göstərmək bizim ciddi yanlışımız olub. İran bundan çox pis məqsədlərlə istifadə etməyə başladı. 30 il müddətində Azərbaycanın bütün sahələrinə öz agenturasını yerləşdirmək yolunu seçdi. Bir ara Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin  öz dövlətimiz üçün təhlükəyə çevrilməsi İranın bu sahədəki qol-qanadını daha da açmış oldu. İranın dini cameədən istifadə etməsi prosesin görünən tərəfidir. Əslində isə onlar öz agenturasını bütün sahələrə: ədəbiyyata, mədəniyyətə, idmana, hətta idarəetməyə belə yerləşdirə bilib. Bir sahədə agentura şəbəkəsi qurmaqla İran belə  fəaliyyəti həyata keçirə bilməzdi. Azərbaycan xüsusi xidmət orqanlarının son əməliyyatlarını çox doğru hesab edirəm və alqışlayıram. Bu addımlar Azərbaycana qarşı təhlükələrin qarşısını almaq baxımından böyük önəm kəsb edəcək. Proses bütün sahələrdə davam etməlidir. Hətta sizi əmin edirəm ki, müxalifət adlanan qurumun içində belə İrana xidmət edən qüvvələr var. Onların hamısının tapılıb zərərsizləşdirilməsi Azərbaycanın milli təhlükəsizliyi üçün olduqca vacibdir”.

İranın günahı ucbatından Azərbaycanla münasibətlərinin gərginləşməsi ortaya bir sıra faktları çıxardı. Artıq qonşu ölkənin Azərbaycandakı ictimai-siyasi və informasiya dayaqları Azərbaycan xüsusi xidmət orqanları tərəfindən nəzarətə götürülüb, Qum mərkəzli dini icmalar ifşa olunur, casus şəbəkəsi dağıdılır. İran 44 günlük Vətən müharibəmizdə və ondan sonra tutduğu ermənipərəst mövqeyi, Azərbaycana isə aşkar düşmənçiliyi ilə dövlətimiz tərəfindən adekvat münasibəti görməkdədir. Ölkə ictimaiyyəti də, lap elə iranpərəstlərin əksəriyyəti də rəsmi Tehranın Ermənistana açıq dəstək verdiyini görərək, bu yalançı müsəlman dövlətinin əsl maskasını görməkdə, tanımaqdadır. İndi İranın gerçək və çirkin sifəti tam ortaya çıxıb və bu sifətə simpatiya ilə baxmaq mümkün deyil. Adında İslam sözü daşıyan İran dövləti heç bir gizliliyə yol vermədən Ermənistanı dəstəkləyir və onun təhlükəsizliyini özünün qırmızı xətti sayır. Belə olan halda, ekspertlər haqlı olaraq qeyd edirlər ki, İran artıq Azərbaycanı itirib. 31 il ərzində Azərbaycanda göstərdiyi fəaliyyətin üstündən xətt çəkən İran azərbaycanlıların ictimai rəyində bitmiş durumdadır.(Bakı-xeber)

Related Articles

Bir cavab yazın

Back to top button