İranın polis qüvvələri yanvarın 19-da Zəngan şəhərində “Pejo 405” markalı minik avtomobilinə atəş açaraq Məzgin Pələngini adlı 8 yaşlı azərbaycanlı qız öldürüb.
“Aznews tv” xəbər verir ki, sosial media fəalları və insan haqları təşkilatlarının verdiyi məlumata görə, qanlı insident nəticəsində onun 16 yaşlı bacısı ağır yaralanıb. Məlumatda bildirilir ki, azərbaycanlı ailə Qərbi Azərbayacan vilayətinin Makı şəhərinin Molla Həsən kəndindəndir.
Ana, iki qızı və oğlu Tehran şəhərində yaşayan qohumlarının görüşünə gedirmiş. Məlumata görə, Məzginin atası iki il öncə dünyasını dəyişib. Onun 16 yaşlı yaralı bacısının isə vəziyyəti ağırdır. Yaralı qız xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Sosial media fəallarının bildirdiyinə görə, silahlı polislər heç bir xəbərdarlıq etmədən minik avtomobilinə atəş açıblar. Onlar həyatını itirən Məzgin Pələnginin cənazəsini ailəsinə təhvil verməkdən imtina edir.