İran

İran və Ermənistan arasında texniki-mühəndislik sahələrində razılaşma əldə olunub

İran və Ermənistan iki ölkə arasında texniki-mühəndislik xidmətlərinin göstərilməsi, alternativ marşrut və tranzit dəhlizinin tikintisində iranlı podratçıların iştirakı, habelə Ermənistanın Cənub-Şimal dəhlizinin bir hissəsinin tamamlanmasında iranlı podratçıların əməkdaşlığa cəlb olunması barədə razılığa gəliblər.

Bu barədə İRNA xəbər ajansı İranın Yol və Şəhərsalma Nazirliyinə istinadən bildirib. Yol və şəhərsalma nazirin müavini Xeyrullah Xadimi İran-Ermənistan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 17-ci iclasının keçirilməsinin Tehran və İrəvan arasında əlaqələrin genişlənməsi yönündə atılmış önəmli addım olduğunu vurğulayıb.

O deyib: “İki ölkə arasında tranzitin sadələşdirilməsi və Şimal-Cənub dəhlizinin tamamlanmasında iranlı podratçıların əməkdaşlığa cəlb edilməsi üçün birgə İşçi Qrupları arasında aparılan fikir mübadilələrindən sonra Gorus-Qafan marşrutuna alternativ olaraq açılacaq dəhlizin tikintisi ilə bağlı İran-Ermənistan arasında razılaşma əldə edilib”.

“İki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən texniki-mühəndislik, enerji, tranzit, elektrik stansiyalarının tikintisi, kənd təsərrüfatı, əczaçılıq və tibbi ləvazimatlar, rabitə və informasiya texnologiyaları sahələrində əhəmiyyətli imkanlar var və bunları işə salmaqla İranla Ermənistan arasındakı mübadilələrinin həcmi artırıla bilər”.

Görüşdə ticarət, sərmayə qoyuluşu, neft-qaz, gömrük, bank və maliyyə, turizm kimi bir sıra digər sahələr haqqında da fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, İran rejimi Azərbaycanın Qarabağ savaşında qələbəsindən, habelə Zəngəzur dəhlizinin açılması yönündə işlərin aparılmağa başlanmasından sonra bu dəhlizə alternativ olaraq Şimal-Cənub koridoru layihəsini irəli sürüb və bu dəhlizin açılması üçün ermənistanlı “qardaşları” ilə birgə, necə deyərlər, dəridən-qabıqdan çıxır.

Related Articles

Bir cavab yazın

Back to top button