İran

İranda 5 fəala həbs və şallaq cəzası verilib

Ermənistanın Azərbaycan ərazisi olan Tovuz bölgəsinə hücumunu qınadıqları üçün İranda 5 azərbaycanlı fəal həbs və şallaq cəzasına məhkum ediliblər. Belə ki, Təbriz Cinayət Məhkəməsinin 112 saylı şöbəsi Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısında etirazlara qoşulan 5 azərbaycanlı fəal barəsində hökmü elan edib. Hökmə əsasən, Həkimə Əhmədi, Yasəmən Zəfəri, Sədullah Sasani, Rəhim Sasani və Mehdi Purəli Xurmalı “Azərbaycan Konsulluğu qarşısında iğtişaşlara qatılmaqla ictimai asayişi pozmaq” ittihamı ilə təqsirləndiriliblər. Janviyənin 12-də Təbrizin Cinayət Məhkəməsinin 112 saylı şöbəsi tərəfindən onlara göndərilən dadnaməyə əsasən, fəallar 1 il həbs və qeyri-ictimai yerdə 60 zərbə şallaq cəzasına məhkum edilib.
“2013-cü ildə təsvib edilmiş İslam Cinayət Məcəlləsinin 46, 49 və 54-cü maddələrinə əsasən, adıçəkilən şəxslər barəsində həbs və şallaq cəzası dörd il müddətinə təxirə salınır. Bununla belə, azərbaycanlı fəallar “məhkəmə hökmü çıxarılan tarixdən cəza müddətinin təxirə salındığı vaxtadək yol verdikləri qanun pozuntusunun cəzasına əlavə olaraq yeddinci dərəcəyədək hədd, qisas, diyə və ya təziri həbslə nəticələnən cinayətlərdən birini törədərlərsə, barələrində çıxarılmış və təxirə salınmış cəza icra ediləcək”, – deyə məhkəmənin dadnaməsində bildirilib.
Elan olunan dadnamə ilə Həkimə Əhmədi məhkəməyə gəlmədiyi üçün barəsində qiyabi hökm çıxarılıb.
Xatırladaq ki, ötən il culayın 16-da azərbaycanlı fəallar Azərbaycanın Təbrizdəki Konsulluğunun qarşısına toplaşaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini elan ediblər. Onlar Tovuza edilən hücumla bağlı Azərbaycan dövlətinə və xalqına başsağlığı verərək, Ermənistanın nizami təcavüzünü qınayıblar. Mitinq zamanı adları çəkilən fəallar İranın əmniyyət qüvvələri tərəfindən zorakılığa məruz qalaraq tutuqlanıblar. Onlar aqustun 5-də 100 milyon tümən vəsiqə qarşılığında azad ediliblər. Hakimə Əhmədi isə 18 oktobr 2018-ci il tarixində Marənddə əmniyyət məmurları tərəfindən həbs edilib.

Related Articles

Bir cavab yazın

Back to top button