İran

İranda natrium karbonat zavodunda dəhşətli partlayış: Yüzdən çox yaralı var

İyunun 13-də İranın Fars əyalətinin Firuzabad şəhərinin natrium karbonat karxanasında partlayış baş verib və zəhərli qazların yayılması nəticəsində azı 133 nəfərin xəsarət aldığı bildirilir. İran saytlarının xəbərinə görə, zəhərli qaz sızması səbəbindən Cəm şəhərindən Firuzabada gedən yol müvəqqəti olaraq bağlanıb.

İran rəsmiləri ilkin olaraq yaralıların sayının 5 nəfər olduğunu bildirsələr də, qısa müddətdən sonra Fars əyalətinin Təcili Yardım Mərkəzinin müdiri Firuzabad natrium karbonat zavodunun çənlərində baş vermiş sızma nəticəsində yaralananların sayının 72-yə, gecə saatlarında isə 133 nəfərə yüksəldiyini açıqlayıb.

Rəsmilər axşam saatlarında baş verən partlayışın səbəbləri və ölənlərin sayı barədə məlumat verməsələr də, məlumatlı sosial media mənbələri çox sayda insanın öldüyü ehtimalını yazıblar.

Son illər İranın neft-kimya komplekslərində, neft emalı zavodlarında və digər neft müəssisələrində çoxlu oxşar qəzalar baş verib və bu qəzaların əsas səbəbi kimi avadanlıqların köhnəlməsi və ya keyfiyyətinin aşağı olması göstərilib. Partlayış baş verən zavodda istifadə olunan texnikanın əhəmiyyətli bir hissəsinin İran, bir hissəsinin isə Çin istehsalı olduğu vurğulanır.

Qeyd edək ki, bu hadisə Firuzabad natrium karbonat zavodunun 2020-ci ilin dekabrında fəaliyyətə başlaması və istismara verilməsindən cəmi iki ildən daha az vaxt keçdikdən sonra meydana gəlib.

Related Articles

Bir cavab yazın

Back to top button