İran

İranda prezidentlik uğrunda təbliğat kampaniyası başladı

İranda iyunun 28-də keçirilməsi planlaşdırılan prezident seçkiləri ilə bağlı qeydiyyatdan keçən namizədlərin təbliğat kampaniyası başlayıb.

Bu barədə İran mediası məlumat yayıb.

İran Keşikçilər Şurasının (Şurayi Nigəhban) prezident seçkilərinə qatılmaq üçün qeydiyyatdan keçmiş 6 nəfərdən biri olan Təbrizin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkian seçkilərlə bağlı ilk paylaşımını edib.

Azərbaycanlı namizəd təbliğat kampaniyasına özünün X hesabında “İran üçün” həştəgindən istifadə edərək başlayıb.

Qeyd edək ki, prezidentlik seçkiləri uğrunda mübarizəyə 80 nəfər namizədliyini irəli sürmüş və onlardan yalnız 6-nın namizədliyi Keşikçilər Şurası tərəfindən təsdiq edilib.

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad və parlamentin keçmiş spikeri Əli Laricaninin adları namizədlər siyahısına salınmayıb.

İran prezidentliyi uğrunda Təbrizin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkian, keçmiş daxili işlər naziri Mustafa Purməhəmmədi, İran rəhbərinin Ali Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, Tehranın meri Əlirza Zəkani, vitse-prezident Əmir Hüseyn Qazizadə Haşimi və parlamentin spikeri Məhəmməd Bagir Qalibaf mübarizə aparacaqlar.

Related Articles

Bir cavab yazın

Back to top button