Azərbaycanİran

İranın anti-Azerbəycan ekspertləri “NATO-nun Turan Dəhlizi və İranın Milli Təhlükəsizliyi” adlı xüsusi forum keçiriblər

Azərbaycan əleyhinə qatı mövqeyi ilə tanınan siyasi şərhçi Ehsan Movəhhediyan İranın Qafqaz regionuna daha ciddi və strateji yanaşmalı olduğunu iddia edir: “10 il öncə əlamətləri görünən Qafqaz böhranına məhəl qoymamağımız bəzi həll yollarını artıq əlçatmaz edib.

Son həftələr baş verən proseslərə nəzər salsaq, faktiki olaraq NATO və İngiltərəni təmsil edən “Bakı Respublikası” və Türkiyənin mütəşəkkil addımlarının gücləndiyini görərik. Bir tərəfdən Azərbaycan Prezidenti İlham Əliyev Albaniyaya səfər edir.

Sual yaranır ki, onun Albaniyada hansı maraqları var? Həmin Albaniya “münafiqlərin” mərkəzi olmaqdan başqa hansı mənafeyə xidmət edir?

Digər tərəfdən, o, Ərəb Liqasının iclasına qatılır. Bu birliyin toplantısı Əl-Cəzirədə keçirilib. Bundan sonra pan-ərəbləri pantürklərin tərəfinə çəkməyə və bir-birinin dəstəyi ilə geniş çevrə yaratmağa çalışdıqlarını təxminən edə bilərik. Qafqazla bağlı isə İran Xarici İşlər Nazirliyi yarıtmaz siyasət aparır.

Biz media sahəsində də Bakının İrana hörmətsizlikdən bir an belə dayanmadığının şahidi olduğumuz bir şəraitdə passivik. “Bakı Respublikasında” bəzi şəxslər İrana böhtan atmaqda davam edirlər və deyirlər ki, iranlılar bizim sistemə paxıllıq edirlər. Sualım budur ki, orda nəyə paxıllıq edək? Bir neçə gün əvvəl Bakıda su borusu partladı, suyun hündürlüyü 20 metr fışqıran borunun təmiri iki gün çəkdi.

Ermənistanla kommersiya və hərbi aspektlərdə əməkdaşlığı gücləndirmək lazımdır. Bu ölkə ilə təhlükəsizlik-müdafiə sazişinin imzalanması vacibdir. Əgər biz Ermənistana etinasız yanaşsaq, Azərbaycan Respublikasına etinasızlıq göstərərək onu itirdiyimiz kimi itkilər mütləq Ermənistanda da olacaq.

Cənubi Qafqaz regionunda mövcud olan bölgü elədir ki, sanki Azərbaycanı İsrailə, İngiltərəyə, Ermənistanı isə ABŞ-a veriblər. Çünki biz orada amerikalıların get-gəlini görürük. Təbii ki, Ermənistan bilir ki, bu ölkədə nəsə baş versə, ABŞ telefonla təəssüfünü bildirməkdən başqa heç bir addım atmayacaq. Ermənilər özlərinin əsl dostunu da, düşmənini də tanıyırlar. Ermənistanın Qafan şəhərində İranın Baş Konsulluğunun açılması faydalı və məqsədəuyğun addımdır, lakin bu kifayət deyil və iki tərəf arasında əməkdaşlıq genişlənməlidir.
Bizim Qafqaz regionuna strateji baxışımız olmalıdır”.

İran özünün müdafiə qınından çıxmalı və Qafqaz regionuna uzunmüddətli yanaşma göstərməlidir. Əliyev hakimiyyəti son iki ildə yüzlərlə kilometr yol çəkib, indi Ermənistana təzyiq edir”.

Avrasiya məsələləri üzrə qərəzli ekspert Kazemi deyir: ”NATO-nun Turan dəhlizi əvəzinə “Zəngəzur dəhlizi” kimi saxta ifadə işlətmək tarixi, siyasi və hüquqi baxımdan yanlışdır. Zəngəzur termini, daha dəqiq desək, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ortaya atılan “saxta” Qərbi Zəngəzur sözü Ermənistanın cənubunda, İranla Ermənistan arasında sərhədi təşkil edən Süniik bölgəsinin adıdır. Əslində bu ifadənin işlədilməsi Ermənistanın Sünik bölgəsinə qarşı ərazi iddiası deməkdir. Azərbaycan hakimiyyətinin arqumenti ondan ibarətdir ki, bu bölgə 1922-ci ildə Sovetlər tərəfindən Ermənistana verilib. Əgər bu arqumentə əsaslanırlarsa, təbii ki, buna bənzər misallar çoxdur, o cümlədən Azərbaycanın yerləşdiyi Qafqaz 1828-ci ildə İrandan ayrıldı və Rusiyaya verildi.

İrana aid olan İğdır, Qars və Qarasu dəhlizi 1931-ci ildə heç bir qanuni əsas olmadan Türkiyəyə verilib. Yaxud Türkiyənin cənub-şərqindəki altı vilayət də Osmanlıların imzaladığı 1920-ci il Sever müqaviləsinə görə, Qərbi Ermənistan adı altında ermənilərə verilib. Təbii ki, Bakının bu arqumenti ilə bütün bunlar öz tarixi sahiblərinə qaytarılmalıdır. Ruslar da müxtəlif və məxfi siyasi gedişlə Azərbaycanın əsas hissəsinin Atatürkün Türk dünyasının girişi adlandırdığı Naxçıvanla birləşməsinə qarşı çıxırlar”.

Related Articles

Bir cavab yazın

Back to top button