İran

İranın terror təşkilatları vasitəsilə qeyri-farslara təzyiqi

Ortadoğu ölkələrində etnik qrupların və azlıqların hüquqlarına dair həssaslıq ciddi dərəcədə artıb. İran kimi ölkələrdə isə bu durum daha çox müşkül halına gəlib. İranda fars milliyətçiliyi istər Pəhləvi, istərsə də İslam Cümhuriyyəti dönəmində yayqın bir hal alıb. Özəlliklə İslam Cümhuriyyəti dönəmində məzhəb və inanc amili diqqət çəkdi. İran höküməti bu məsləyə ölkə daxilində və xaricində bir güvənlik məsələsi olaraq baxır və qullanır. Bir sözlə, qeyri-farslar öz təməl insan haqlarını tələb etdikləri vaxt sistem tərəfindən basqılara məruz qalırlar. İran hakimiyyəti qonşu ölkələrdəki etnik məsələlərdən faydalanmağa və nüfuz sahibi olmağa çalışır. Məsələn, İran Əfqanıstandakı şiə inancına bağlı və ya yaxın olan şəxsləri potensial nizami qüvvə kimi görür. Hələ illər öncə onları silahlandırmağa başlayıb. Sipahın Qüds qüvvəsi də məhz bu yöndə fəaliyyət göstərir. Belə ki, Əfqanıstanda şiələrdən təşkil edilən “Fatemiyyun” ordusu bu gün Suriyada İran üçün savaşır. Hətta İran həmin ordudan Əfqanistanın daxilində öz nüfuzunu qorumaq üçün faydalanır. İran sözügedən qüvvələrdən ölkə daxilindəki siyasətini yürütmək üçün də istifadə edir. Nümunə olaraq Bəluçistan olaylarını göstərə bilərik. Belə ki, Tehranın “Fatemiyyun” ordusundan Bəluçistandakı etirazları yatırmaq üçün istifadə etdiyi iddia edilir. Bundan əvvəl də Ələhvazda ərəblərin etirazını yatırmaq üçün İraq və Lübnandan gətirilən qüvvələrdən istifadəyə dair xəbərlər yayıldı. Bildirək ki, İran kürdləri də qeyri-farslar kimi zülmə və ayrı-seçkiliyə məruz qalırlar. İran hakimiyyəti kürd millətini terror örgütlərinə cəlb edib öz amacları üçün qullanmağa çalışır. Belə ki, İran illərdir PKK və onun İran qolu PJAK-dan özəlliklə Batı Azərbaycanda faydalanır. Bu yolla Türkiyəyə qarşı addım atmağa çalışır. Xatırladaq ki, ötən günlərdə Türkiyə ordusu İraqın quzeyində “Pəncə Qartal-2” əməliyyatı başladaraq PKK-ya qarşı ciddi hərəkətə keçdi. Bu zaman məğlubiyyətə düçar edilən PKK-nın imdadına yenə də İran yetişdi. İranın İraqdakı “Həşdi-Şəəbi” qüvvələri açıq bir şəkildə Türkiyəyə qarşı hərəkətə keçdi və PKK-nın yanında yer aldı. Diqqətə çatdıraq ki, İran terror qruplaşmalarını kürd millətini difa adı altında Türkiyə və Batı Azərbaycan ərazisinə yönləndirməyə çalışır. Özəlliklə Güney Azərbaycanı Türkiyədən ayırmaq üçün geniş təbliğat aparan İran PJAK kimi örgütləri Azərbaycana yerləşdirir. Bütün bu addımlar fars milliyətçiliyinin dəstəyi ilə atılır. Çünki İranın qeyri-farslara etdiyi zülmlər fars milliyətçiliyi mediası tərəfindən sansurlanır. Tehran hakimiyyəti səssizcə türkü, ərəbi, bəluçu və kürdü əzir.

Related Articles

Bir cavab yazın

Back to top button