İran

Lənət olsun bu yaşayışa! (Gerçək hekayə)

Keçirdiyimiz bu çətin və inanılmaz günlərin bənzərini heç xatırlamıram. Hətta savaş zamanı, İraq höküməti Təbrizi və bizim evimizin dörd bir yanını dəfələrcə raketlə vurduğunda, hamını dövr-bər kəndlərinin avarası etdiyində də belə çətin günlər olmamışdı. Təhlükəli korona xəstəliyi qorxunc vəziyyətdə yoluxub qırğın etməkdədir. Bu halda “camaaat, riayət eləyin!”, “ mask taxın!”, “əllərinizi yuyun!” kimi bir neçə şüardan başqa çarə yoxdur. Xəstəxanalarda ağır durumda olan xəstələr qımıldayır, boş xəstə yatağı üçün ad yazdırıb, sıra güdürlər. Nə dava-dərman var, nə vaksin, nə də çarə tapılacağına ümid.

İş-peşələrin çoxu ronəqdən düşüb, kiçik tolidçilər və karqahlar iflas ediblər.Yoxsulluq və fəlakət “qara qanadlar”ını toplumun əksəriyyətinin üzərinə açıb. Camaat qohum-əqrəbasından, yar-yoldaşından uzaq evlərində qərəntinədədirlər. Onlar hər saat illərcə əlləşib-vuruşub çalışdıqları sayəsində əldə etdikləri qazanclarını, evlərini və s. itirməkdədirlər.
Ticarət və tolid iflas halındadır. Bilmyurdlar və mədrəsələr bağlı, insanların yaşayışları isə dağılmaqdadır! Yaşam düzəninin çox çətin və gərgin günlərinə yaxınlaşırıq. Əvvəlki yaşam, hakim olan bir çox dəyərlər, o cümələdən sağlıq, pul, qüdrət və s. öz əhəmiyyətini dəyişib.
Belə bir keçid dönəmində yaşayırıq. Bəlkə də illərcə davam edəcək olan bu dövr nə yazıq ki, insanların bir çox bağlantılarını yox edib yeni bir sistem formalaşdırdı. İnsanlar bu sistemə uysunlar deyə, öncəki düzənləri əllərindən alındı.
Təbriz şəhərində, demək olar, vəziyyət kontroldan çıxıb. Ərz və qızıl qiymətinin inanılmaz artımı, milli pulun günü-gündən dəyərsizləşməsinin ardınca bütün ehtiyac və xədəmat qiyməti qorxunc vəziyyətdə yüksəlib. Bahalaşmanı kontrol etmək üçün heç bir planın olmaması orta təbəqəni yoxsulluq və fəlakət uçurumuna sürükləyir. Bu isə orta təbəqənin yoxsul təbəqəyə qoşulması deməkdir. Daxili müşkülatın həllində bütün siyasi tədbirlər sonucsuz qalır. Bütün xarici diplomasilər çıxılmaz durumdadır. Belə olduqda sual yaranır: Hansı ümidlərlə qərəntinədə oturmuşuq? Hansı bədbəxtlikdən özümüzü qorumaq üçün saatbaşı əllərimizi su və sabunla yuyuruq? Ümumiyyətlə, qorumaq üçün savaşdığımız gələcəyimizə bir ümid varmı?
İsfənd ayından bu günədək koronavirusdan ölənlər ən yüksək həddə çatıb. Vər-vəsayil almaq üçün küçə başındakı supermarketə gedirdim. Öz əfkarım içində boğulmuşdum. Düşünürəm… Hara və nə üçün gedirəm? Bu dəmdə bir nəfər məni səslədi. Səs gələn tərəfə döndüm. Qarşımda alçaqboylu, üzü qırışlı, xına yaxılmış saçlarının bir hissəsi ağarmış yaşlı bir qadın durmuşdu.
Başında qara çadra, əynində köhnə paltarlar olan bu qadının nimdaş başmaqları var idi. Onun ayna kimi gözləri sanki yaşayışını əks etdirirdi. Gözləri olduqca yorğun görünürdü. Alnını tər damlaları bürümüşdü, mənə elə gəldi ki, onun halı yaxşı deyil. Üzünü mənə tutub, kimsəsinin və evinin olmadığını söylədi.
Şəkər xəstəsi imiş… Həb atmışdı və halı özündə deyildi. Məndən toyuq almağımı istədi. Toyuqçu dükanı yüz metr irəlidə idi, ondan mənimlə dükana gəlməsini istədim. Gələ bilmədi. Hərəkət etməyə taqəti çatmadı, bilmədim xəstəlikdəndir, ya aclıqdan… Oradaca divar dibində oturdu. Mən isə toyuğu alıb qayıtdım.
Biz aşağı təbəqədən, daha doğrusu, bu toplumun fəlakət quyusuna düşməkdə olan orta təbəqəsindən sayılırıq. Yemək üçün bir tikə pendir-çörəyimiz var. Ancaq o bir tikə çörək nahar çağı alnında tər dənələri olan solğunbənizli qadının titrək dizlərini xatırladıqda boğazımızda düyünləndi. Bunları düşündükcə İsmailin söylədiklərini xatırladım:
Lənət olsun bu yaşayışa, doğrudan da bu yaşayışa lənət olsun! Bir ip götür, Xudaya, sal boynuna fəqirin. Kasıb yaşayışı neynir, öldür qurtar, İlahi!

Susən Nəvadeh – Rəzeyi

Related Articles

Bir cavab yazın

Back to top button