Məqalələr

Məni “mən” edən

Nigar Xiyavi

Gözümü Tehranda açmışam. İki toplumda boya-başa çatmışam: birincisi böyük bir şəhərdə “qonaq” vətəndaş, ikincisi isə qohum-əqrəbadan uzaqlıq duyğularını azaldan dostlar arasında. Bu günə qədər heç vaxt küçədə “qaçan-qaçan” oynamadım. Çox vaxtlar “qorgəm be həva” oyunları ilə uşaqlıqdan ləzzət aldım. Yalnız ildə bir iki dəfə qohumlarımın yaşadığı yerə bir neçə günlük qonaq getdiyim zaman bu oyunların dadını çıxardırdım. Orta məktəbi oxuyarkən bakılı bir musiqi müəllimimin səmimiyyətindən təkcə musiqi yox, həyat və mədəniyyət dərsi də alırdım. Mən başqaları ilə farsca danışanda mənə gülümsəyib deyirdi: «Bax, sən nə gözəl farsca danışırsan! Mən nə vaxtdır burada yaşayıram, amma sənin kimi danışa bilmirəm. Bilirsən, hər insan ki bir millətin musiqisini, kültürünü, tarixini bilir və dilində danışmağı bacarırsa, onda o millətə də aid bir vətəndaş sayılır». Müəllimimin sözündən belə başa düşdüm ki, təkcə köküm olan yer yox, yaşadığım şəhər də mənim sayılır. Danişqaha getmək üçün oxuyacağım şəhəri özüm seçməyə qərar verdim. İran Azərbaycanının nümayəndəsinə, yəni bildiyim şəhərə yola çıxmaq  istədim. Mənim həyacanım bu şəhərdə yaşamaq üçün heç də təəccüblü deyildi. Yaxşı xatırlayıram ki, bir neçə bakılı yaşıdlarımla tanış olduğum zaman onlar da ən azı mənim qədər bu şəhəri görməyə can atırdılar. Onlar da mənim qədər bu şəhəri müqəddəs bilirdilər. Bu xoş duyğular «Harda alını açıq insan görsəniz» kimi mahnılardan sonra məndə yaranmışdı. İki il bu şəhərdə yaşamaq xəyalı məni sevindirirdi. Bəhəməndə danişqaha adımı yazdırmaq üçün yola düşdüm. Ağlara bürünən xiyavanlarda öz dilimdə adres soruşmaq məni çox xoşbəxt edirdi. Düşünürdüm, «harada ürəklərdə üsyan görsəniz» həmin şəhər mənim yaşamaq istədiyim yer olmalıdır. Özümə  geri dönməməklə ilgili söz verdim. Yeni müstəqil həyatıma başlamaq üçün ailəmlə çox tələsik və soyuq vidalaşaraq öyrəncilər yataqxanasına qaçdım. Qısa bir zamanda böyük bir dost qrupu yığdım və özümlə dildaş olanlara ürəyimin başında yer verdim. O şəhərin sakinlərini tanımadan ürəkdən sevirdim. «Bi dənə çörək» dediyim şatırı, «əlləriz ağrımasın, burda düşürəm» dediyim taksi sürücüsünü, «on dənə yumurta istiyirəm» dediyim baqqalı, «bağışla» dediyim yoldan keçəni belə bir dildə danışdığımız üçün sevib, qucaqlamaq istəyirdim. Şəhər ortasında adamların mənlə bir dildə danışmağı ürəyimi oxşayırdı. Tezliklə, «harada məktəbdən çox zindan görsəniz» şəhərinin vətəndaşı olmaq istəyirdim. Ola da bilərdim. Müəllimimin dediyi qədər bu şəhərin tarixi, dili, musiqisi və kültürü ilə tanış idim. Qarşımda heç bir maneə görmürdüm.

Elə bil ki, hər sevgi mənim bildiyim sevgidəndir. Hər dostluq mənim inandığım dostluq kimidir. Hər söz öz səmimiyyətim qədər düzgündür. Əslində mən təkcə sözlərə inanırdım. Bəlkə də başqa bir dildə deyilsə, o qədər də mənə inandırıcı gəlməzdi. Ya da başqa bir şəhərdə deyilsə, bir az haqqında düşünərdim. Mən mənim danışdığım dildə deyilən hər sözə inanırdım. O insanlarla ailə, dost, demək olar heç nə deyildim. Təkcə dildaş olduğum üçün onlara səmimiyyətimlə inanırdım. Mənimlə həmfikr olanlar az da olsa, var idi. Yerində olmayanları yerinə qoymaq qərarına gəldim. Səmimiyyətsiz «səni sövürəm» cümləsinə «səni sevirəm» deməklə səmimiyyət yüklədim. Yeralma satan hacı babanın «tamam» sözünün cavabında «yaxşı» sözünü möhkəm dedim. Kamança çalanda təəccüblə mənə baxan yaşıdlarımın «bu nəmənədi çalırsan?» suallarına «çoxdandır toy bayram görməyib obam» sözü ilə özümü razı saldım. Məni Tehranda doğulduğuma görə sevməyən və təhqir edən iki dərs ustadımla yenə də düzgün Azərbaycan dilində danışdım. Bəlkə mənimlə də başqa öyrəncilər kimi təhqirsiz davransınlar. Köməyimə gəlməyən dostlarıma həyatımda mənalı yer daşımalarını vurğulayırdım. Bəzilərinə göndərdiyim şeir mesajı cavabında yazılan «dəniz ke neveşti yəni çe?(yazdığın dəniz nə deməkdir?)» cümləsini oxuyanda, «hələ ölməmişəm, yaralıyam mən»lə sakinləşdim. Cavab olaraq «dərya bə torki mişe dəniz (dəryanın türkcəsi dəzidir)» yazdım. Mən onları başa düşmürdüm. Axı necə «bilin o yerliyəm, oralıyam mən» ifadəsini sübut edəcəklər! Ortaq dildə danışdığım bir toplumda özümü çox yalqız hiss edirdim. «Dildaş» olmaq məndən başqa bir çoxlarının nəzərində gərəksiz bir məsələ idi. Mən isə bir il öncə «illərdir üzünə həsrət qaldığım» şəhəri görmək həyəcanımı düşünürdüm. Yalnız başqa bir şəhərdə doğulduğum üçün mənliyim, həyatım, düşüncəm və sözələrim yad qəbul olunurdu. Bir «qonaq» kimi qarşılanırdım. Bir şəhər vüsətində dildaşımın məni istəmədiyi qədər özümü yalqız hiss edirdim. Müştərək bir dil bizi yaxınlaşdırmağa və birləşdirməyə yetərli deyildi. Şəhər məni görmək istədiyim toplum qədər sevindirmirdi. Bir şəhərdə göz açmışdım, başqa bir şəhər köküm idi. Başqa bir şəhərin vətəndaşı olmağa çalışırdım. Mən haralı idim? Bilmədim!…

Related Articles

Bir cavab yazın

Back to top button