AzərbaycanMəqalələr

Məşhur nəsillər, görkəmli şəxsiyyətlər – Fətəli xan Xoyski

Fətəli xan İskəndər xan oğlu Xoyski Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azarbaycan Xalq Cümhuriyyətinin banilərindən biridir.

1878-ci ildə anadan olan Fətəli xan Xoyski Gəncə (Yelizavetpol) klassik gimnaziyasını, 1897-ci ildə Moskva Universitetinin Hüquq fakültəsini birinci dərəcəli diplomla bitirmişdir. Həmin ildən Gəncə dairə məhkəməsində işə başlayan Xoyski sonradan Kutaisi dairə və qəza məhkəmələrində, Zuqdidi (Gürcüstan) məhkəməsində çalışmış, titulyar müşavir rütbəsinə layiq görülmüşdür. 1904-cü ildə kollej asessoru rütbəsi alan Xoyski Yekaterinodar (Krasnodar) dairə məhkəməsi prokurorunun müavini təyin edilmiş, 1907-ci ilədək həmin vəzifədə çalışmışdır. Fətəli xan Xoyski 1907-ci ildə Gəncə qubeniyasından II Dövlət dumasına deputat seçilmişdir. II Dövlət duması buraxıldıqdan sonra Xoyski Gəncəyə qayıtmış, əvvəlcə dairə məhkəməsinin, sonra isə Tiflis məhkəmə palatasının andlı iclasçısı seçilmişdir.

Fətəli xan Xoyski 1913-cü ildə Bakıya köçərək şəhər dairə məhkəməsində andlı iclasçı olmuş, Bakının ictimai-mədəni həyatında, xeyriyyə cəmiyyətlərinin işində fəal iştirak etmişdir. Rusiyada fevral inqilabından (1917) sonra Bakıda yaradılmış Müsəlman Milli Şurası müvəqqəti icraiyyə komitəsinin üzvü seçilən Xoyski həmin ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanları qurultayının təşkilatçılarından və fəal iştirakçılarından olmuşdur.

1917-ci ilin oktyabrında Bakı şəhər dumasına seçkilərdə müsəlman bloku 10 mindən çox səs almış və bu bloku təmsil edən Fətəli xan Xoyski dumanın sədri seçilmişdi. Onun rəhbərliyi ilə fəaliyyət göstərən Bakı şəhər duması bu dövrdə bolşevik Bakı Sovetinin yeganə rəqibi idi. 1918-ci il fevralın 23-də Tiflisdə Güney Qafqazın qanunvericilik orqanı olan Zaqafqaziya seymi işə başladı. Həmin ilin aprelində elan olunan müstəqil Zaqafqaziya Federativ Respublikası hökumətində Fətəli xan Xalq Maarifi naziri vəzifəsini tutdu.

Güney Qafqazın müstəqilliyinin elanı və yeni hökumətin yaradılması regiona nə daxili, nə də xarici siyasət sahəsində heç bir yenilik gətirmədi. 1918-ci il mayın 27-də Seymin azərbaycanlı deputatları fövqəladə iclas keçirərək özlərini Azərbaycan Milli Şurası elan etdilər. Azərbaycanın idarəsini öz üzərinə götürən Milli Şura mayın 28-də keçmiş Qafqaz canişininin iqamətgahında keçirilən birinci iclasında Güney Qafqazın cənub-şərqində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və İstiqlal bəyannaməsinin qəbul olunması haqqında qərar qəbul etdi. Fətəli xan Xoyski yekdilliklə Azərbaycan hökumətinin sədri seçildi və ona Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumətini təşkil etmək tapşırıldı. Xoyski elə həmin andaca öz hökumətinin tərkibini elan etdi. Bu hökumətdə Fətəli xan Baş nazir (rəisi-vüzəra) vəzifəsi ilə yanaşı, daxili işlər naziri, sonradan isə ədliyyə naziri vəzifələrini də tutdu.

Fətəli xan Xoyskinin ikinci hökuməti Gəncədə çox çətin və mürəkkəb bir dövrdə fəaliyyətə başladı. Hökumətin burada ilk tədbiri iyunun 19-da bütün Azərbaycanda hərbi vəziyyətin elan edilməsi oldu. Azərbaycanın dövlət müstəqilliyini müdafiə edəcək ordunun yaradılması işinə başlanıldı və avqustun 11-də hərbi mükəlləfiyyət haqqında qanun qəbul edildi. Xoyski hökuməti iyunun 27-də türk dilini dövlət dili elan etmiş, iyulun 15-də erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı vəhşiliklərini aşkara çıxarmaq məqsədilə Fövqəladə Təhqiqat Komissiyası yaratmış, avqustun 30-da Gəncənin və Cəbrayıl qəzasının tarixi adlarını özünə qaytarmışdı.

1918-ci il sentyabrın 15-də Bakı türk və Azərbaycan hərbi qüvvələrindən ibarət Qafqaz İslam Ordusu tərəfindən azad olundu, sentyabrın 17-də isə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü. 1918-ci il noyabrın 9-da Xoyskinin məruzəsi əsasında hökumət Azərbaycanın üçrəngli bayrağını təsdiqlədi.

1919-cu il fevralın 25-də Xoyski hökuməti istefa verdi. Parlament istefanı qəbul etdi və yeni hökumətin təşkilinə qədər Xoyski hökumətindən fəaliyyətini davam etdirməsi xahiş olundu. Hökumət öz fəaliyyətini martın 14-də Nəsib bəy Yusifbəylinin təşkil etdiyi IV hökumət fəaliyyətə başlayana qədər davam etdirdi. Təcrübəli və səriştəli dövlət xadimi Fətəli xan Xoyskinin o zaman son dərəcə mürəkkəb şəraitdə istefa verməyə məcbur olması Azərbaycan Xalq Cümhuriyyətinin müqəddəratına mənfi təsir göstərdi, İstefaya çıxdıqdan sonra Xoyski parlament üzvü kimi bir sıra siyasi, iqtisadi və maliyyə məsələlərinin həllində yenə də fəal iştirak etmiş, Azərbaycan və Ermənistan arasında mübahisəli ərazi məsələlərini araşdırmaq üçün yaradılan Azərbaycan nümayəndə heyətinin sədri təyin olunmuşdu.

1919-cu ilin dekabrında Nəsib bəy Yusifbəylinin təşkil etdiyi IV hökumətin tərkibində Xoyski Xarici İşlər naziri vəzifəsini tutdu. Azərbaycan Cümhuriyyətinin ilk hökumət başçısı kimi Azərbaycan istiqlalının elanı barədə dünya dövlətlərinə ünvanlanan radioteleqramı imzalamış, bu istiqlalın Paris Sülh Konfransı tərəfindən tanınması haqqında Parlamentə məlumat vermişdi.

1920-ci il aprelin ortalarında XI Qızıl ordu Quzey Qafqazda Denikin qüvvələrini məğlub edərək Azərbaycan Xalq Cümhuriyyətinin şimal sərhədlərinə yaxınlaşdı. Aprelin 15-də Xoyski hökumət adından Sovet Rusiyası hökumətinə nota göndərsə də, nota cavabsız qaldı və aprelin 27-də XI Qızıl Ordu beynəlxalq hüquq normalarını pozaraq Azərbaycan sərhədlərini keçdi və Bakıya doğru hücum əməliyyatına başladı. Bununla da Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoyuldu.

1920-ci il 28 aprel işğalından sonra Tiflisə mühacirət etməyə məcbur olan Fətəli xan Xoyski iyunun 19-da orada Daşnaktsütyunun muzdlu erməni terrorçusu tərəfindən qətlə yetirilmiş və həmvətəni M.F.Axundzadənin dəfn olunduğu Azərbaycan qəbiristanlığında torpağa tapşırılmışdı.

#Tarix

Related Articles

Bir cavab yazın

Back to top button