AzərbaycanİranMəqalələr

Məşhur nəsillər, görkəmli şəxsiyyətlər – Heyran xanım Dünbülü (1790 – 1848)

Heyran xanım XVIII əsrin sonlarında Dünbülü-Kəngərli xanları ailəsində doğulub. Naxçıvanda təhsil alıb, ərəb və fars dillərini, klassik Azərbaycan və fars ədəbiyyatını öyrənib.

XIX əsrin əvvəllərində, Rusiya-İran müharibələri dövründə Xoydan olan naxçıvanlılarla birlikdə onun da ailəsi İrana köçürülüb. O, Füzuli ədəbi məktəbinin davamçılarından, klassik Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biridir.

Heyran xanım Azərbaycan və fars dillərində, əsasən, aşiqanə şeirlər yazıb. Rudəki, İzzəddin Həsənoğlu, Sədi Şirazi, Hafiz Şirazi, İmadəddin Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Qövsi Təbrizi və başqa şairlərə nəzirələri var. O, əruzun heca vəzninə yaxın bəhrlərində, sadə xalq dilində yazıb. Onun bəzi şeirləri şifahi xalq ədəbiyyatı nümunələrinə yaxındır. Heyran xanımın əsərlərinin 3 əlyazması (Bakı, Tehran və Tiflis nüsxələri) məlumdur. Bunlardan ən mükəmməli hesab olunan Bakı nüsxəsi AMEA-nın Füzuli adina Əlyazmalar İnstitutunda mühafizə olunur.

Doğma yurdundan və yaxın adamlarından ayrı düşən Heyran xanımın həyatı kədərli keçib. O, həmişə zəmanədən, adamların vəfasızlığından, ömrünün qürbətdə tək-tənha keçməsindən gileylənib, yaşadığı Təbriz şəhərini “şuşeyi-zindan” adlandırıb. Onun ömrünün sonları daha kədərli keçib. Ailə ixtilafları və narazılıqları Heyran xanımın iztirablarını daha da çoxaltmış, dərd-qəmini artırmışdı. Təbii ki, bunlar ona ağır təsir göstərmiş, getdikcə səhhəti pisləşmişdi. Heyran xanım 1848-ci ildə Təbrizdə vəfat etmiş və orada dəfn olunmuşdu.

Klassik poeziya üslubunda təmiz insani məhəbbətin tərənnümü, ayrılıq dərdi, hicran aləmi, vüsal arzusu onun şeirlərinin əsas mövzularıdır. Onun əsərləri јапг, üslub, bədii sənətkarlıq keyfiyyətləri baxımından zəngindir. O, klassik poeziyanın qəzəl, müxəmməs, müstəzad, rübai, tərcibənd janrlarında, habelə məsnəvi formasında əsərlər yaratmış, lirik qəhrəmanın daxili aləmini, sevinc və kədərini dərindən açmaq üçün təşbeh, istiarə, təzad, təkrir, mübaliğə kimi bədii təsvir və ifadə vasitələri işlətmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button