Dünya

Malayziya Azərbaycanı dəstəkləyən bəyanat yaydı

Malayziya parlamentində fəaliyyət göstərən Malayziya-Azərbaycan parlamentlərarası dostluq qrupu ölkəmizə güclü dəstək ifadə edən bəyanat yayıb. Bəyanat bu il iyulun 12-dən başlayaraq ermənilərin Azərbaycanın Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədilə başladığı hücum cəhdləri ilə bağlıdır. Məlumata görə, qrupun sədri Datuk Rozman Bin Datuk Haji İsli tərəfindən iyulun 24-də imzalanmış bəyanatda ermənilərin təcavüzkar addımları pislənib. Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə birmənalı dəstək ifadə olunub.
Sənəddə Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun bu il iyulun 18-də qəbul edilmiş kommünikesinə istinad edilib. Ermənistan-Azərbaycan münaqişəsinin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri çərçivəsində həll edilməli olduğu qeyd edilib. Habelə ərazi bütövlüyünün təmin edilməsi istiqamətində Azərbaycan ilə həmrəylik vurğulanıb. İslam Əməkdaşlıq Təşkilatının 2020-ci il 14 iyul tarixli bəyanatından bəhs edilib. Beləliklə, ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb olunub. Bu münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında sülh yolu ilə həllinə dəstək ifadə olunub.
Bəyanatla əlaqədar Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev Datuk Rozman Bin Datuk Haji İslinin timsalında Malayziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərinə minnətdarlığını bildirib. Belə bir dəstəyin təsadüfi olmadığı diqqətə çatdırılıb. Səfir, qardaş Malayziya xalqının və hökumətinin Azərbaycanın ərazi bütövlüyü məsələsində birmənalı mövqeyini qətiyyətli şəkildə davam etdirdiyini qeyd edib. “İki dövlət arasında dostluq və yaxın əməkdaşlıq münasibətləri qarşılıqlı etimada əsaslanır. O cümlədən Azərbaycan və Malayziyanın ali siyasi institutları bu istiqamətdə güclü iradə nümayiş etdirir” deyə o bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button