AzərbaycanİranSiyasət

Molla rejiminin türk dili qorxusu

İranda Azərbaycan xalqı və onun dilinə qarşı növbəti hörmətsizlik edilib.

Bildirək ki, İranda “Şahnamə alimi” kimi tanınan Cavad Rəncbər Derəxşi adlı yazıçı ölkənin “Sazəndegi” qəzetində Türk Dili Akademiyasının yaradılması ilə bağlı qərəzli məqalə yazıb.

Məqalədə qeyd olunub ki, Türk Dili Akademiyasının yaradılması anti-İran dairələrinin maraqlarına xidmət edir.

Türk dilinin yerli dil olduğunu bildirən Rəncbər Derəxşi İranda türk dili üçün elmi qurumun yaradılmasının heç bir əhəmiyyət kəsb etmədiyini vurğulayıb.

Faşist düşüncəli müəllif Türk Dili Akademiyasını qurmaq istəyənləri təhqir edərək onları cahil adlandırıb:

“Türk Dili Akademiyasının yaradılmasının heç bir intellektual, tarixi və siyasi əsası yoxdur. Bu qurumun vəzifələri haqqında deyilənlərin hamısı qeyri-mötəbərdir, məlumatsızlıqdan və ya eqoizmdən irəli gəlir”.

İran İslam Respublikasının Konstitusiyasında yerli xalqların öz ana dilləri və mədəni hüquqlarından istifadəsi ilə bağlı müddəaların əks olunduğu halda niyə bu ölkədə türk dilinə və mədəniyyətinə qarşı ayrı-seçkilik edilir? 

Məsələ ilə bağlı güneyli fəal, araşdırmaçı jurnalist Elyar Kamrani Cebhe.info-ya açıqlamasında qeyd edib ki, İranda türk dili və mədəniyyətinə qarşı sistematik şəkildə qadağalar tətbiq olunub:

“Məhz İran İslam Respublikasının Konstitusiyasında yerli xalqların öz ana dillərində istifadə etmək hüquqları əks olunub. Yəni İranda türklər və digər millətlər məktəblərdə və ali təhsil ocaqlarında öz ana dillərində təhsil ala, hətta öz doğma dillərində qəzet və jurnal çap edə bilərlər.

Təəssüflər olsun ki, İranda mərkəzi hakimiyyət konstitusiyaya zidd olaraq yerli millətlərin bu hüquqlarından istifadə etmələrinə imkan vermir. Çünki mərkəzi hakimiyyət qeyri-fars dillərin, xüsusilə türk dilinin tədris olunmasını özünün və ölkənin sabitliyinə ciddi təhlükə kimi görür. Artıq 30-40 ildir ki,  İranda Azərbaycan türklərinin öz ana dilindən istifadə etmək hüquqlarına hörmət edilmir, üstəlik millətimizin dilinə və mədəniyyətinə açıq şəkildə ayrı-seçkilik edilir.

İstər Azərbaycan türkləri, istərsə də digər yerli xalqlardan olan nümayindələrin öz ana dillərində təhsil almaq hüququnu təbləb edərkən onlar rejimə bağlı təhlükəsizlik orqanları tərəfindən saxlanılaraq həbsə atılır. Öz ana dilində təhsil almaq hüququnu təbliğ edən ictimai xadimlər dəfələrlə rejimin təzyiqləri ilə üzləşiblər.

Halbuki İranda yaşayan ermənilərin məktəblərdə erməni dili tədris olunur. Bu da onu göstərir ki, İrandakı hakimiyyət irqçi bir rejimdir. Bu rejim fars dili və mədəniyyətindən başqa ölkədə yaşayan digər xalqların dili və mədəniyyətinin təbliğ olunmasını istəmir, onların mədəni hüquqlarından istifadəsinə ciddi əngəl yaradır. 

Azərbaycan türkləri ilə yanaşı kürtlər, lorlar, ərəblər və bəlucların da öz ana dili və mədəni hüquqlarından istifadəsinə imkan verilmir. İranın rəsmi və qeyri-rəsmi media qurumlarında türk dili və mədəniyyətinə qarşı dəfələrlə təhqirlərin edildiyinə şahid olmuşuq. Buna görə də zaman-zaman millətimizin nümayindələri rejim tərəfindən sərgilənən təhqirlərə qarşı səsini qaldırıblar.

Uzun müddətdir ki, İran adlanan ölkədə türk, eləcə də digər xalqların dilləri, mədəniyyətləri və tarixinin təbliğ olunması sistematik şəkildə qadağan olunub. Rejimin bu irqçi siyasəti ilə mübarizə aparanlar, xüsusilə bu istiqamətdə şücaət göstərən milli fəallarımız repressiyaya məruz qalıblar”. 

Yunis Abdullayev
Cebhe.info

Related Articles

Bir cavab yazın

Back to top button