İran

Muğan keşt sənət və heyvandarlıq şirkətinin satışı dayandırılıb

Ərdəbil ustanında yerləşən Muğan Keşt Sənət və Heyvandarlıq şirkətinin satışı dayandırılıb və dövlət xəzinəsinə geri qaytarılıb. Bu barədə Ərdəbil ustanının məhkəmə rəisi Nasir Ətəbati bildirib. Məlumata görə, satış prosesi İran Məhkəmə Sisteminin başçısı İbrahim Rəyisinin ustana səfəri zamanı verdiyi qərar əsasında dayandırılıb. Bildirək ki, 28 hektardan çox əraziyə sahib olan Muğan Keşt Sənət və Heyvandarlıq şirkəti Azərbaycanın bənzərsiz sərvətlərindən biridir. Əsası 1338-ci ildə qoyulan şirkət 60 illik fəaliyyətində siyasi çəkişmələrin və iqtisadi fəsadın meydanına çevrilib. 1397-ci ildən bu günə qədər 2 dəfə satışa çıxarılıb. İlk dəfə Tehranın Sərmayə Gəlişdirmə Bazarı və Savə Biskvit Karxanasına satılıb. Ancaq İttilaat Vizarətxanası bu duruma qarşı çıxıb. 1397-ci il mehr ayının 29-da şirkətin satışı Özəlləştirmə şirkətinə həvalə edilib. Daha sonra qanunsuzca hərracda ikinci yeri tutan Şirin Əsəl şirkətinə satılıb. İran mediasının yazdığına görə, Şirin Əsəl Muğan Keşt Sənət və Heyvandarlıq şirkətini yüzdə əlli endirimlə satın alıb. Vəsaitin ödənilməsi zamanı da qanunsuzluqlara yol verilib. Bu olayların üzə çıxmasından sonra Şirin Əsəl şirkətin durumunu yaxşılaşdırmaq üçün bir sıra addımlar atıb. Belə ki, 2 mindən çox işçinin himayəsi ilə bağlı işlər görülüb. Qeyd edək ki, işçilər satış prosesinin dayandırılması ilə bağlı Əli Xameneiyə məktub yazıblar. Bu işlərin Şirin Əsəl tərəfindən gerçəkləşdirilməsi ilə ilgili şübhələr var. Vurğulayaq ki, bütün bu qarşıdurmalarda tək zərər çəkən Azərbaycanın bənzərsiz sərvəti oldu. İranda hər zaman dövlət mallarının satışı fəsadla birlikdə gerçəkləşdirilir. Satışın şəffaf olmaması, azad medianın çalışa bilməməsi idari və iqtisadi fəsadın yayqınlaşmasına səbəb olur.

Related Articles

Bir cavab yazın

Back to top button