Amerika Dövlət Departamentinin sözçüsü Ned Prays İranla aparılan nüvə danışıqlarının necə nəticələnməsinin bu ölkəyə qarşı qoyulan neft sanksiyalarına təsir etməyəcəyini deyib.
“Nüvə sazişinin bərpası ilə bağlı danışıqların necə nəticələnməsindən asılı olmayaraq, Amerika Rusiya nefti əvəzinə İrandan neft idxal etməyi planlaşdırmır. İrandan neft idxalına qadağa qoyulması ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalacaq. Biz Rusiya neftini İran nefti ilə əvəz etmək fikrində deyilik”-deyə, Prays bildirib.
Qeyd edək ki, son günlər Amerikanın Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə görə bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalar İranı neft ixracını yenidən çoxaldacağı barədə ümidləndirmişdi.
İran rəsmiləri yaxın gələcəkdə bu ölkənin neftinə qarşı qoyulan sanksiyaların ləv olunacağı, neft ixracatının çoxalacağı ilə bağlı açıqlamalar veriblər.
Amerika rəsmisinin sözçüsünün son açıqlamasından sonra İranda dolların qiyməti yenidən kəskin artıb.