“ANT” xəbər verir ki, hücumdan sonra İsrailin yayımladığı “domino daşları effekti” başlıqlı video böyük marağa səbəb olub. Belə ki, sözügedən videoda İsrail hücumları zamanı həlak olan bir sıra şəxslərin simaları domino daşlarının üzərində görünüb. Videonun sonunda bəzi daşların üzərinin boş olduğu, naməlum siluetlər yer alıb. Sosial şəbəkələrdə həmin şəxslərin kim ola biləcəyinə dair müxtəlif fikirlər irəli sürülüb.
Bu barədə Türkiyənin “Hürriyet” nəşrinə danışan ekspertlər bu adların kimlər ola biləcəyini dəyərləndirib.
Akademik Özen Zeynep Oktav, İsrailin İranı daha da qorxutmaq üçün Qasim Süleymaninin varisi İsmayıl Kaanini hədəf ala biləcəyini deyib.
“Həmas lideri Yəhya Sinvara qarşı çoxlu sui-qəsd cəhdləri olub. Bu cəhdləri davam etdirəcəklər. Ancaq sui-qəsdlər nə HƏMAS-ı, nə də “Hizbullah”ı yox etməyəcək. Bu, onların döyüş ambisiyalarını daha da artıracaq”,-deyə o, bildirib.
Akademik Əli Fuat Gökçe isə İranın dini lideri Əli Xamneyinin növbəti hədəf ola biləcəyini deyib. O, ikinci hədəf kimi Husilərin lideri Əbdülməlik əl-Husin seçilə biləcəyini iddia edib.
İranlı ekspert Mehmet Koç da deyib ki, İsrailin növbəti hədəfi İranın Qüds Qüvvələrinin komandanı İsmayıl Kaani ola bilər.
Yaxın Şərq Mütəxəssisi Mete Sohtaoğlu, Ridvan Qüvvələrinin komandanı Əbu Əli Rızanın hədəf ola biləcəyini düşündüyün deyib.
“O, Hizbullahın sağ qalan sonuncu səhra komandiridir. Hazırda üzü örtülü halda ictimaiyyət qarşısına çıxır”,-deyə o, əlavə edib.
Keçmiş türk diplomat Gülru Gezer İsrail bu təşkilatları belə sui-qəsdlərlə iflic etməyi planladığını deyib. O, əsas hədəfin Yəhya Sinvar ola biləcəyini bildirib. G. Gezer növbəti hədəf Xamneyi olacağı təqdirdə bunun böyük böhranla yekunlaşacağını qeyd edib.
İranlı ekspert Çağatay Balcı, Suriyada və Livanda bu cür sui-qəsdlərin davam edəcəyini bildirib. O, hesab edir ki, İsrailin növbəti hədəfi İran İnqilab Keşikçiləri Hava Kosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə olacaq.(AzPolitika)