Bu barədə İsveçin paytaxtı Stokholmda fəaliyyət göstərən Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında bildirilib.
Silaha ən çox pul xərcləyən ölkələr ABŞ, Çin və Rusiyadır. Ukraynadakı vəziyyət və Şərqi Asiyadakı gərginlik 2022-ci ilə kimi səkkizinci il ardıcıl olaraq davam edən artımın əsas hərəkətverici qüvvəsi olub.
Avropada hərbi xərclərin artımı 13% təşkil edib. Bu, əsasən, birbaşa Rusiya və Ukrayna arasındakı münaqişə ilə bağlı idi, lakin Ukraynaya göstərilən yardım və Rusiya Federasiyasının artan təhlükəsi ilə bağlı narahatlıqlar digər ölkələri hərbi büdcələrinə yuxarıya doğru yenidən baxmağa məcbur edib.
Hesabat müəllifləri qeyd ediblər ki, Mərkəzi və Qərbi Avropada hərbi xərclər yenidən soyuq müharibə illəri səviyyəsinə qayıdıb. Mərkəzi Avropada keçən il silah xərcləri 345 milyard dollar təşkil edib və real ifadədə ilk dəfə olaraq 1989-cu ildəki rəqəmi üstələyib və 2013-cü illə müqayisədə 30% yüksək olub. Hərbi xərclərdə ən kəskin artım Finlandiyada (36%), Litvada (27%), İsveçdə (12%) və Polşada (11%) qeydə alınıb.
ABŞ-ın hərbi xərcləri 2022-ci ildə 877 milyard dollar təşkil edib ki, bu da qlobal həcmin 39%-nə bərabərdir və reytinqdə ikinci yeri tutan Çinin hərbi xərclərinin həcmindən üç dəfə çoxdur. Hesabat müəllifləri qeyd ediblər ki, 1981-ci ildən bəri ən yüksək həddə çatan inflyasiya olmasaydı, ABŞ-da hərbi xərclər daha da böyük olardı.
2022-ci ildə ABŞ-ın Ukraynaya hərbi yardımı 19,9 milyard dollar təşkil edib. Bu, Soyuq Müharibə bitdikdən sonra bir alıcıya ayrılan ən böyük məbləğ olsa da, ABŞ-ın ümumi hərbi xərclərinin yalnız 2,3%-ni təşkil edir. Ötən il ABŞ hərbi əməliyyatlar və dəstək üçün 295 milyard dollar, silah alışı, tədqiqat və inkişaf üçün 264 milyard dollar və şəxsi heyət üçün 167 milyard dollar xərcləyib.
Rusiyada hərbi xərclər 2022-ci ildə 9,2% artaraq təxminən 86,4 milyard dollar təşkil edib ki, bu da ÜDM-in 4,1%-nə bərabərdir. Bir il əvvəl bu rəqəm ÜDM-in 3,7%-i idi. Hesabatın müəllifləri Rusiya üzrə 2022-ci il üçün məlumatların yüksək dərəcədə qeyri-dəqiq olduğunu güman edirlər.
2022-ci ildə Ukraynanın hərbi xərcləri 44 milyard dollara çatıb ki, bu da bir il ərzində 640 faiz artım deməkdir. Nəticədə, müharibənin Ukrayna iqtisadiyyatına vurduğu zərər nəzərə alınmaqla, büdcəyə düşən hərbi yük 2021-ci ildəki 3,2%-dən 2022-ci ildə 34%-ə yüksəlib.
2022-ci ildə NATO-ya üzv ölkələrin ümumi xərcləri 1,232 trilyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 0,9% çoxdur.
Asiya və Okeaniyada ümumi hərbi xərclər 575 milyard dollar təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 2,7% və 2013-cü illə müqayisədə 45% çoxdur.
Dünyanın ikinci ən böyük hərbi xərcləri olan Çin ötən il hərbi ehtiyaclar üçün 292 milyard dollar ayırıb.Bu, 2021-ci illə müqayisədə 4,2%, 2013-cü illə müqayisədə isə 63% çoxdur.
Yaponiyanın hərbi xərcləri 2021-ci ildən 2022-ci ilə qədər 5,9% artaraq 46 milyard dollara və ya ÜDM-in 1,1%-nə çatıb. 1960-cı ildən bəri bu, hökumətin orduya ayırdığı ən böyük vəsaitdir. (report)