AzərbaycanİranMəqalələr

Ağa Məhəmməd şah Qacar (1742-1797)

Ağa Məhəmməd xan Qacar 1742-ci ildə Astarabadda doğulub.

Onun anası Ceyran xanım Qacarların digər boyundan olan Məhəmməd xan Dovalının bacısı idi. Yürüşlərin birində atası Məhəmmədhəsən xan on üç yaşlı oğlu Ağa Məhəmməd şahı özü ilə götürür. Ona qabaqda gedən dəstənin rəhbərliyini tapşırır. Bundan sonra gənc Ağa Məhəmməd atası ilə bütün yürüşlərə getməyə başlayır. Məhəmmədhəsən xan hətta bəzi vaxtlarda Azərbaycan və Astrabad idarəçiliyini də oğluna tapşırırdı. 1758-ci ildə Məhəmmədhəsən xan Zəndlərlə döyüşlərin birində həlak oldu və hakimiyyət böyük oğlu Ağa Məhəmməd şah Qacara keçdi.

Atasının ölümündən sonra Ağa Məhəmməd Türkmən düzünə qaçaraq öz tayfasının cavan nümayəndələrini topladı və Zəndlərlə partizan müharibəsinə qoşuldu. 1761-1762-ci illərdə Kərim xan Zəndin 4 minlik qoşunu Ağa Məhəmmədin kiçik dəstəsini mühasirəyə aldı. O, 500 nəfər döyüşçüsü ilə birlikdə mühasirəni yarmaq qərarına gəldi. Ağa Məhəmməd şah başda olmaqla 10 nəfər gənc mühasirədən çıxa bilir. O, ağır yaralanmasına baxmayaraq, döyüşün axırına qədər yəhərin üstündə qalır. Yorulmuş, ağır yaralar almış döyüşçülər Nəcəf yaxınlığında Kərim xan Zəndin adamlarına məğlub olur, düz 16 il Tehranda onun yanında qalırlar. Ağa Məhəmməd şah burada mədrəsəyə getməyə başlayır. O, hər səhər fiziki hazırlıqla məşğul olur, mədrəsəyə gedərək mühazirələrə qulaq asır, müzakirələrdə iştirak edir, öz yaxınları ilə daima məktublaşırdı.

Kərim xan Zənd paytaxtı Şiraza köçürərkən Ağa Məhəmməd şahı da özü ilə aparır. İranın ən qədim təhsil mərkəzlərindən birinə düşən Ağa Məhəmməd təhsilini davam etdirir və bu sahədə böyük uğurlar qazanır. O, ilahiyyatı, fəlsəfəni, riyaziyyatı, astronomiya və astrologiyanı, poeziyanı öyrənir. Ağa Məhəmməd bir gün öz həyatına hazırlanan sui-qəsddən xəbər tutur və ov adı ilə Şirazdan Mazandarana qaçır. 1782-ci ildə o, Astrabada gedir və atası Məhəmmədhəsən xanın qəbrini ziyarət edir. 1785-ci ildə Ağa Məhəmməd şah Mazandaranı ələ keçirir. Həmin döyüşlərdə ona qardaşı sərkərdə Cəfərqulu xan Qacar yardım göstərir. 1786-cı ildə Ağa Məhəmməd Tehranı yeni dövlətin paytaxtı, 1791-ci ildə isə özünü İran şahənşahı elan edir.

Qacarlarla zəndlər arasında son qanlı döyüş 1794-cü ilin yayında Girman yaxınlığında baş verir və Ağa Məhəmmədin tam qələbəsi ilə nəticələnir. Bununla da Zəndlər nəslinin adı İran taxt-tacı tarixindən silinir.

Related Articles

Bir cavab yazın

Back to top button