Azərbaycan

“Soyqırımı qurbanlarını Xocalıda anmaq istəyirik” – Millət vəkili

Bu il fevral ayının 26-da Xocalı soyqırımının 30-cu ildönümüdür. Prezident İlham Əliyevin bununla bağlı imzaladığı sərəncama əsasən, Prezident Administrasiyasına Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar tədbirlər planı hazırlayıb, onun həyata keçirilməsini təmin etmək tapşırılıb.

Xocalının deputatı Elman Məmmədov bildirib ki, Xocalı sakinləri 30-cu ildönümündə faciə qurbanlarının xatirəsini öz torpaqlarında anmaq istəyirlər:

“Biz artıq 30 ildir ki, Xocalı soyqırımının qurbanlarını anırıq. Həm ölkə daxilində, həm ölkədən xaricdə bununla bağlı tədbirlər keçiririk. Xarici dövlətlərdə Azərbaycan səfirlikləri, konsulluqları, diaspor təşkilatları kütləvi tədbirlər təşkil edirlər. Uzun illərdir ki, Heydər Əliyev Fondunun Birinci vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə dünya miqyasında “Xocalıya ədalət” kampaniyası uğurla davam etdirilir.

Bunun nəticəsində və Prezident İlham Əliyevin qətiyyətli siyasəti sayəsində dünyanın 20-yə qədər dövləti Xocalı soyqırımını tanıyıb. Amerikanın çox ştatlarında xocalıların başına gətirilənlər soyqırımı kimi qəbul olunub. Bütün dünyaya səsimizi çatdırmaq üçün addımlarımız davam edir.

Təəssüf ki, soyqırımının 30-cu ildönümünü Xocalıda anım tədbirləri ilə keçirə bilmirik. Biz xocalılar bu il də Xocalısızıq. 10 noyabr bəyanatından sonra bölgəyə gələn rus hərbçiləri ermənilər üçün yeni şərait qurmağa, evlər tikməyə başlayıb. Xocalı soyqırımını törədən cinayətkarlar, orada və başqa ərazilərdə sərbəst yaşayırlar, himayə olunurlar. Koçaryanlar, Sarkisyanlar və onların ətrafında olanlar hələ də cəzasızdırlar.

Onların cəzalarının verilməsini səbirsizliklə gözləyirik. Çünki bu canilər bizə, Azərbaycan xalqına və dövlətinə qarşı soyqırımı törədiblər. Cəzasız qalmaları bir yana vəzifə belə daşıyırlar. Sülhməramlı adı ilə torpaqlarımızda yerləşmiş rus hərbi kontingentinin sevimlisinə çevriliblər, himayə olunurlar. Bu, təəssüf doğurur”.

Deputat vurğulayıb ki, Xocalı soyqırımının 30-cu ildönümündə müvafiq plan üzrə anım tədbirləri keçiriləcək: “Biz heç olmasa, bu 30-cu ildə Xocalını azad görməyi arzulayırıq. Torpağımıza ayaq basmağı, soyqırımı qurbanlarının ruhunu orada yad etmək istəyərdik.

30 ilə yaxın işğal altında qalan ərazilərimizi azad edən Ali Baş Komandanımızın rəhbərliyi, Azərbaycan Ordusunun şücaəti nəticəsində yaxın gələcəkdə Xankəndi, Xocalı, Ağdərə bölgələri də separatçılardan, terrorçulardan təmizlənəcək. Biz bunu səbirsizliklə gözləyirik”

Related Articles

Bir cavab yazın

Back to top button