İran

SSRİ-ni dağıdan siyasət İrana tətbiq olunur

İranla Rusiya arasında mövcud olan hərbi əməkdaşlıq günbəgün genişləndirilməkdədir.

Ötən gün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns də müsahibəsi zamanı Rusiya və İran arasındaki artan hərbi əməkdaşlığın narahatverici olduğunu dilə gətirmişdi.

Əslində, bu əməkdaşlığın getdikcə artması hər iki dövlətin ağır vəziyyətə düşməsindən və məcburiyyətdən irəli gəlir.

Həm molla hakimiyyəti, həm də Tehran Respublikasında islahatçı kimi tanınan siyasi cərəyan Rusiyaya inanmır. Xüsusilə, islahatçı kəsim Qərb və Amerika ilə münasibətlərin normallaşmasına daha çox meyillidir.

Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun da vurğuladığı kimi, İran və Rusiya arasında tarixən çoxlu inamsızlıq faktları var. Sadəcə son 100 illik tarixi nəzərə alsaq, İranda Sovetlər Birliyi və Rusiyaya qarşı münasibət olduqca mənfi olub, belə də davam etməkdədir.

Xüsusilə 1946-cı ildə Sovetlər Birliyinin Güney Azərbaycan və Kürdüstanda yerli milli hökumətlərin yaranması ilə bağlı mövqeyi həm Pəhləvi, həm də indiki hakimiyyət tərəfindən dəfələrlə İranın ərazi bütövlüyünə qarşı bağışlanmaz təcavüz kimi qiymətləndirilib.

İran hakimiyyətinin Çin Xalq Respublikası ilə 25 illik strateji əməkdaşlıq müqaviləsi imzalamasına baxmayaraq, bir sıra əhəmiyyətli məsələlərdə Çinin Tehran hakimiyyətinə soyuq münasibəti, Qərb ölkələri ilə anlaşmaya daha meyilli olması İranı daha çox Rusiyaya sığınmağa vadar edib.

Eyni situasiya Rusiya ilə bağlı da keçərlidir. Çin Rusiyanın zəifləməsində maraqlıdır və Rusiya hazırkı dönəmdə Yaxın Şərqdə İrandan daha əlverişi müvəqqəti müttəfiq tapa bilmir.

İran ilə Rusiyanın hərbi əməkdaşlığının Ukrayna müharibəsinə nisbi təsiri ola bilər, ancaq İranın hərbi gücünün olduğundan daha çox şişirdilməsi bir az da Amerikaya sərf edir.

Amerika bununla həm Yaxın Şərqdəki müttəfiqlərini daha çox özünə bağlamaq, silah satışı ilə bağlı yeni sazişlər imzalamaqda maraqlı ola bilər, həm də İrana qarşı sanksiyaların genişləndirilməsi və təzyiqlərin artmasına, gələcəkdə İrana daha ciddi zərbələrin endirilməsinə hesablanmış məsələ ola bilər.

O da şübhəsizdir ki, İran Yaxın Şərqdə sülhün əsas təhlükə mənbəyidir. Livan, İraq, Suriya və Yəməndə İranın proksi qüvvələri adı çəkilən ölkələrlə yanaşı qonşu dövlətlərə də təhlükə törədirlər. Bu, İranla Rusiya arasında hərbi əməkdaşlığın bu səviyyəyə çatmasından öncədə belə idi.

Ancaq bir məsələ var ki, Amerika başda olmaqla, Qərb ölkələri İran büdcəsinin əhəmiyyətli hissəsinin silah, ballistik raketlər və nüvə proqramının inkişafına xərcləməsində maraqlıdırlar.

Tehran rejiminin dövlət büdcəsinin əsas hissəsini hərbi sahəyə xərcləməsi nəticəsində başqa sahələrin inkişafı dayanıb. bir çox əhəmiyyətli sahələr, o cümlədən səhiyyə, təhsil iflic vəziyyətinə düşüb.

Bu, Sovetlər Birliyi dönəmində Moskvaya qarşı tətbiq edilən siyasətə çox oxşayır.

Hazırda İranda baş verən iqtisadi böhranda, vətəndaşların alıcılıq qabiliyyətinin aşağı düşməsndə, etiraz aksiyalarının daha geniş miqyas almasında həmin siyasətin əhəmiyyətli dərəcədə təsiri var.

Hazırda Ukrayna-Rusiya arasında gedən müharibə və İranla bağlı hadisələrdə iki ölkədən biri – yəni ya Rusiya, ya da İran ciddi zərbə alacaq. Rusiyanın ən son anda hansısa anlaşmalara gedib İranı qurban verəcəyi ehtimalını da nəzərə almaq lazımdır.

Amma bunu da unutmaq olmaz ki, iki ölkə arasında hazırda mövcud olan yaxınlığa baxmayaraq, iki ölkədən heç biri digərinin həqiqi mənada güclənməsini istəmir.

Related Articles

Bir cavab yazın

Back to top button