Dünya

Suriyada müxalifətin nəzarət etdiyi ərazidə 2 minə yaxın insan ölüb

Müxalif və İnqilabçı Qüvvələrin Milli Koalisiyası (MİQMK) Suriyada Türkiyə ilə sərhədə yaxın ərazilərdə baş verən zəlzələ zamanı 1 910 nəfərin öldüyünü açıqlayıb.

“Al Arabiya” telekanalı xəbər verir ki, ən çox qurbanların sayı Cinderisdə qeydə alınıb – 800 nəfər.

Bildirilib ki, bu şəhər, demək olar ki, tamamilə dağıdılıb, 2,8 mindən çox insan orada xəsarət alıb.

MİQMK-nin məlumatına görə, Hələb və İdlib əyalətlərində 100-ə yaxın yaşayış məntəqəsi fəlakət zonasında olub.

“Xüsusi tikinti texnikası olmadığından xilasetmə qrupları və onlara köməyə gələn sakinlər sadə alətlərdən istifadə etməklə dağıntıları əlləri ilə təmizləyirlər”, – məlumatda vurğulanıb.

MİQMK xarici ölkələri müxalifətin nəzarətində olan ərazilərə kran və ekskavatorlar göndərməyə çağırır. Belə ki, çökmüş binaların dağıntıları altında hələ də xilas edilə bilən insanlar ola bilər.

Eyni zamanda, Suriyanın səhiyyə naziri Həsən əl-Qəbaşın SANA dövlət agentliyinə istinadən verdiyi məlumata görə, Bəşşar Əsədə sadiq qüvvələrin nəzarətində olan ərazidə baş verən təbii fəlakət nəticəsində ölənlərin sayı 1 250-dən 1 262-yə, yaralıların sayı isə 2 054-dən 2 285-ə çatıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Related Articles

Bir cavab yazın

Back to top button