Araşdırma & Təhlilİran

Güney Azərbaycan azadlıq hərəkatlarının öncülü kimi

Son 150 ildə İrandakı bütün azadlıq hərəkatlarının öncülü türklərdir. Məşrutədən İslam İnqilabına qədər olan zaman dilimində hər zaman demokratiya və ədalət uğrunda mübarizə aparan Güney Azərbaycan əhalisi olub. İslam İnqilabından sonra İraqla baş verən 8 illik savaşda da İran İslam Cümhuriyyətinin ayaqda durmasında Güney Azərbaycan ciddi rol oynayıb. Ancaq heç zaman Güney Azərbaycan zəhmətinin qarşılığını əldə edə bilməyib. İslami İnqilabın ilk aylarında durumu anlayan Güney Azərbaycan Şəriətmədari hərəkatı ilə inqilabdan sonrakı ilk ciddi etirazı başladıb. Özəlliklə Təbrizdə etirazlar baş qaldırıb. Ancaq hakimiyyət millətin etirazını yatırmağa nail oldu. Bu olaydan sonra Güney Azərbaycan ciddi mənada mərkəzdən uzaqlaşmağa başladı. 1370-ci illərdəki Babək Qalası qurultayları artıq türklərin milli və mənəvi dəyərlərinə sahib çıxmaqla bağlı qərarlı olduğunu göstərdi. Öyrənci hərəkatları, “Traxtur”un ətrafında başlayan milli oyanış Güney Azərbaycanın müxalif cərəyanının tamamilə mərkəzdən ayrılmasını sürətləndirdi. Bu illərdə demokrasi və azadlıq adı altında fəaliyyət göstərən mərkəzçi fars müxaliflər ən az hakimiyyət qədər Güney Azərbaycana basqı tətbiq etdilər. 1385-ci ildə İran qəzetinin irqçi karikaturasından sonra baş verən etirazlarda Güney Azərbaycan yolunu tamamilə Tehrandan ayırdı. Dünənə qədər azadlıq və demokratiyadan danışan fars mərkəzçiləri hakimiyyətlə eyni cinahda yer almağı seçdilər. 1388-ci ildə münaqişəli prezident seçkilərindən sonra “Yaşıl hərəkat” başladı. Beləliklə, Güney Azərbaycan tarixi addım atıb mərkəzçi cərəyanlardan uzaq durdu və etirazlara qatılmamaq qərarı aldı. Bu durum Güney Azərbaycan olmadan İranda heç bir geniş hərəkatın başarılı olmayacağını açıq bir şəkildə göstərdi. Artıq mərkəzçi fars qruplaşmaları Azərbaycana qarşı daha qəddar mövqedə yer aldılar. Hakimiyyət isə yaranan bu durumdan öz mənfəəti üçün istifadə etməyə başladı. Tehran hakimiyyəti Güney Azərbaycanın yaşıl hərəkatdan uzaq durmasını İslam Cumhuriyyətinə vəfalılıq kimi göstərməyə çalışdı. Bu, sonrakı illərdə bəlkə də bütün İranın gələcəyini dəyişdirəcək addımlar oldu. Aydın məsələdir ki, Güney Azərbaycan İrandakı bütün azadlıq hərəkatının öncülü idi. Ancaq məsələ bölüşməyə gələndə əzilən tərəf yenə də Güney Azərbaycan idi. Məşrutiyyət və İslami İnqilab türklərə bir daha İran uğrunda heç bir hərəkata qatılmamaq təcrübəsi qazandırdı. Ancaq bu, Güney Azərbaycanın azadlıq mübarizəsindən geri çəkilməsi anlamını ifadə etmir. Çünki İslami İnqilab tarixində də Güney Azərbaycan hər zaman ilk etirazı başladan tərəf olub. Bu gün güney azərbaycanlı hər bir gənc özünə “mən 1358 və 1385-ci ildə etiraz etdiyim zaman azadlıqdan, qardaşlıqdan danışan fars mərkəzçi qüvvələr harada idi?” kimi suallar verir. Özəlliklə 1385-ci ildə Azərbaycanın üsyanına ən çox qarşı çıxanlar fars mərkəzçi opozosyon idi. Vurğulayaq ki, Güney Azərbaycan heç vaxt hakimiyyətin oyunlarına alət olmayıb. Heç vaxt da İslami İnqilab tərəfdarı kimi göstərilməsinə izin verməyəcək. Bunun ən son örnəyi ötən günlərdə yaşandı. Belə ki, sosial mediada İranda sayber ordu adı ilə tanınan Sepah və Bəsicə bağlı saxta hesablar “Azərbaycan Dayaqdı” həştaqı ilə propaqanda başlatdılar. Hakimiyyət geniş bir propaqanda ilə Güney Azərbaycanın hakimiyyətin yanında olduğunu, xurdad ayındakı seçkilərə qatılacağını iddia etməyə çalışdı. Həftələr öncə Qarabağ üçün etiraz edən milləti fiziki zorakılığa məruz qoyan, həbs edən Sepah bu gün sosial mediada Güney Azərbaycanı hakimiyyətin bir parçası və dayağı kimi göstərməyə çalışır. Bu ikiüzlü siyasət hər zaman azərbaycanlı fəalların diqqətində olub. Ölkədə fəsad və yoxsulluğun baş alıb getdiyi dönəmdə insanlar Sepah üzvlərinin əsl niyyətlərini aydın başa düşürlər. Azərbaycanlılar özəlliklə tuiter və instaqramda hakimiyyətin bu kimi oyunlarını qarşı çıxır və heç vaxt boyun əyməyəcəklərini diqqətə çatdırırlar.

Related Articles

Bir cavab yazın

Back to top button