AzərbaycanMəqalələr

Tarixi məqalə: Alimlərimiz – Əli Cavan (1926-2016)

Əli Cavan 1926-cı ildə Təbrizdə anadan olmuşdur. O, bir il Tehran Universitetinin Fizika fakültəsində oxumuş, 1948-ci ildə isə ABŞ-yə köçmüşdür. Gənc 1949-cu ildə Nyu-Yorkdakı Kolumbiya Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirmişdir.

Elmi araşdırmalara hədsiz marağı olan Əli Cavan 1954-cü ildə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1958-1961-ci illərdə Bell-Telefon laboratoriyalarında işləmişdir. Alim 1960-cı ildən Massaçusets Texnologiya İnstitutunda çalışmışdır.

Əli Cavanın tədqiqatları kvant elektronikası və onun tətbiqi, habelə lazer elektroskopiyası sahələrinə aiddir. Dahi alim Əli Cavan qeyri-xətti spektroskopiyanın əsasını qoymuşdur. 1960-cı ildə qaz lazerini Amerika alimləri U.Bennet və C.Erritonla birlikdə təklif etmişdir. Lazerin güclənmə mərkəzində lazerin daxilolma gərginliyinin enmə rezonansı hadisəsini U.Bennet və C.Lembornla birlikdə kəşf etmişdir.

Əli Cavan 1966-cı ildə mod kəsişmələrinin effekti nəzəriyyəsini yaratmış və bunu 1969-cu ildə müşahidə etmişdir. 1970-ci ildə işıq hərəkəti tezliklərinin absolyut ölçülməsi hərəkəti və qeyri-xətti flyuressensiyaların metodlarını işləmişdir. O, həm də spektral xətlərin itələyici daralmasını kəşf etmişdir.

Əli Cavan “Qaz lazerinin optik cihazlarında və elmi işlərdə qeyri-paralel istifadə edilməsi” adlı fundamental araşdırmalarına görə 1975-ci ildə Amerika Optik Cəmiyyəti tərəfindən ən yüksək mükafata layiq görülmüşdür. 1993-cü ildə isə alimə nüfuzlu Albert Eynşteyn mükafatı verilmişdir.

Əli Cavan 12 sentyabr 2016-cı ildə Kaliforniya ştatının Los-Anceles şəhərində dünyasını dəyişmişdir.

Related Articles

Bir cavab yazın

Back to top button