İranMəqalələr

​​Tarixi məqalə: Sapı özümüzdən olan baltalar – Türk kökləri olduğunu unudan Pəhləvilər

Rza Pəhləvi 1878-ci ildə İranın Mazandaran ostanında, Savadkuh şəhristanının indiki Alaşt şəhərində, türkdilli ailədə anadan olub. O, şah titulunu almaq məqsədilə 1925-ci ildə türk mənşəli Qacarlar sülaləsinin hakimiyyətinə son qoyub və 1941-ci ilə kimi İranın şahı olub.

Bir çox tədqiqatçılar Rza Pəhləvinin əslən fars olduğunu iddia etsələr də, tarixçilər onun türk köklərinin olduğunu da sübut edirlər. Tarixçi Ervand Abrahamyanın “İranın müasir tarixi” adlı kitabında Rzanın atası Abbas Əlinin Qafqazdan İranın ərazisinə şah ordusunda xidmət etmək üçün gəldiyi qeyd olunur. Akademik Qani Sayrusun sözlərinə görə, Rza Pəhləvinin anası Nuş Afərin türk tayfası olan ayrımlardandır. Vaxtı ilə Nuş Afərinin atası Qərbi Azərbaycanın İrəvan şəhərindən İrana köçüb. Rza Pəhləvinin türkdilli ailədə böyüməsi fikrini tədqiqatçı Stiven Vard təsdiqləyib.

Rza xanın atası onun 3-6 aylıq olduğu dövrdə dünyasını dəyişir. Onun anası Nuş Afərin qardaşının təkidi ilə Alaştdan köçüb, Tehranda məskunlaşmağa qərar verir. Nuş Afərinin qardaşlarından biri Əbul Qasım İrəvandan İrana gəldikdən sonra İran Kazak diviziyasında xidmət edib. Etnoqraf Ənvər Çingizoğlunun yazdığına görə, Rza hətta bir müddət dayısının yanında yaşayıb. Çox güman ki, Rzanı 15 yaşında İran Kazak diviziyasına məhz onun Qərbi Azərbaycandan gəlmiş dayısı yazdırmışdır.

Rza Pəhləvinin 1916-cı ildə ikinci dəfə evləndiyi Nimtac (Tac ol-Maluk) da anası kimi, türk tayfası olan ayrımlardandır. Nimtac 1896-cı ildə Bakı şəhərində anadan olub. Nimtacın atası ailəsi ilə birgə Qafqazdan İrana köçmüş briqada generalı Teymur xan Ayrımlı idi. Rzanın bu evliliyindən sonralar şah titulunu almış Məhəmməd adlı oğlu olur.

Məhəmməd Rza Pəhləvi 1919-cu ildə İranın Tehran şəhərində anadan olub. O, İranın sonuncu şahı idi. Məhəmməd Pəhləvi də öz atası və babası kimi, türk kökləri olan həyat yoldaşı seçir. Tarixçi Şakibi Zəndin sözlərinə əsasən, Məhəmməd Rza Pəhləvinin həyat yoldaşı Fərəh Diba azərbaycanlı ailədəndir. Bu evlilikdən onların Rza Pəhləvi ilə birlikdə 4 uşağı olur.

Türk kökləri olduğuna baxmayaraq, Rza və oğlu Məhəmməd Rza şah Pəhləvi azərbaycanlıların milli varlığının məhv edilməsi istiqamətində siyasət aparırdılar.

İranda Pəhləvi rejimi qurulduqdan dərhal sonra Azərbaycan dilinin ölkədə işlədilməsi qadağan olunmuşdur. Hətta ictimai yerlərdə bu dildə danışanlara cəza tətbiq edilirdi. Onlar, həmçinin azərbaycanlıların İrana gəlmə olduğu barədə yalan məlumat yayaraq, bu haqda tarix kitabları yazdırırdılar.

Məhz Pəhləvi şah rejimi zamanı, 1946-1947-cı illərdə 25 min nəfərdən çox azərbaycanlı öz milli və mədəni hüquqlarını qorumaq uğrunda mübarizə apararkən hakimiyyət tərəfindən qətlə yetirilmişdir. Bu soyqırım azərbaycanlıların 1945-ci ildə Güney Azərbaycanda Azərbaycan Milli Hökumətinin (21 Azər Hərəkatı) yaranmasından bir müddət sonra başlamışdır.

İranın anti-Azərbaycan siyasəti şah zamanında olduğu kimi, İran İslam Respublikası qurulduqdan sonra da davam etdirilir.(Guney AZfront)

#Tarix

Related Articles

Bir cavab yazın

Back to top button