Araşdırma & Təhlilİran

Tehran hakimiyyətinin addımları İranın gələcəyi üçün nələri vəd edir?

Heç bir ölkə qonşu dövlətlərlə yaxşı münasibətləri olmadan gəlişə bilməz. Özəlliklə də İran… Çünki bu ölkə sahib olduğu yeraltı və yerüstü qaynaqlarından yararlanmaq üçün kifayət qədər teknolojilərə, habelə uzmanlara sahib deyil. Bu gün İranın bölgə ölkələri ilə normal münasibətlərini formalaşdırmağa ehtiyacı var. Ancaq tarixi həqiqətlər bunu deməyə əsas verir ki, İranın hər zaman bölgə ölkələri ilə münaqişəli münasibəti olub. Zamanla bu ölkə qonşu dövlətlərlə savaşa girməkdən belə çəkinməyib. Tehran hakimiyyəti Türkmənistan, Əfqanıstan, Pakistan, Xəlicdəki Ərəb ölkələrdən tutmuş İraq, Türkiyə və quzeydə Azərbaycan Cümhuriyyəti də olmaqla, bir sıra ölkələrlə çəkişmədədir. Pakistan və Əfqanıstanın daxili işlərinə qarışan İran həmin ölkələrdə dəstəklədiyi silahlı örgütlərin köməyilə savaş aparır. Bölgənin quzeyində isə uzun illər işğal altında qalmış Qarabağ savaşında işğalçının lehinə hərəkət edən İran bu dəfə də başarılı ola bilmir. Bu ölkə 1357-ci il İslam İnqilabından sonra aparıcı siyasətini irəli aparmağa başlayır. Bununla da istər şiə məzhəbi, istərsə də fars milliyyətçiliyi ön plana çıxır.
Məlumdur ki, Tehran xarici işlər siyasətini hər zaman sınırlarının eşiyində və hədəf ölkələrə qarışmaqla formalaşdırır. Suriyə savaşı bunun ən bariz örnəyidir. Ərəb Baharı Suriyəyə gəldiyi zaman Suriyə milləti Bəşər Əsəd zülmünə üsyan edərək, azad bir ölkə istəyi ilə hərəkətə keçdi. İran hakimiyyəti isə baş verənlərdən sui-istifadə etməyə çalışır. Yüz minlərlə insan evindən-yurdundan didərgin düşür, minlərlə insan həyatını itirir. İran bu illərdə Əfqanıstan və Pakistan kimi ölkələrdə “Fatemiyyun” və “Zeynəbiyyun” kimi silahlı örgütlər qurur. Bununla yanaşı, Hələb və Dəmeşq kimi şəhərlərdə fars dili və ədəbiyyatı bölümləri açılır, şiə türbələri, eləcə də imamzadələri inşa edilir. Qısacası, İran Suriyəni əsl sahiblərindən alıb, uzunmüddətli bir planla əhalisinin say tərkibini dəyişdirməyə çalışır.
Bənzər proses İraqda da həyata keçirilir. Son zamanlarda Həşdi-Şəəbi kimi İrana bağlı yaraqlı örgütlər Türkiyənin terrorla mücadiləsinə qarşı çıxıb. Həmin qruplaşmaların PKK-nın yanında yer almaları da İranın dəstəklədiyi örgütlərlə qonşu ölkələrə düşmən münasibətinin başqa bir nümunəsidir. Bir tərəfdən də İraqın yeni hökuməti Əlkazeminin İsraillə yeni münasibətlər qura biləcəyi təxmin edilir. Hətta Roma Papı Fransiskin səfərindən sonra İraqın İsraillə münasibətlərinin normallaşması gözlənilir. Bu durum Əlkazeminin İraqdakı İran nufuzu və gücünü kontrol etmək üçün də atdığı bir addım olacaq. Ancaq İranın dəstəklədiyi yaraqlı örgütlərin əlində silah olduğu sürəcə bu işin heç də asan olmayacağı bir həqiqətdir.
Türkiyə, özəlliklə Co Baydenin prezident postuna gəlməsindən sonra xarici siyasətində ciddi işlər görməyə başladı. Uzun illər araları soyuq olan Xəlic ölkələri ilə Ankara yenidən münasibətlərini gücləndirməyə çalışır. Misirlə ixtilafları olan Türkiyə bu gün yenidən bu ölkə ilə diplomatik münasibətlərinə başlayacağını bildirib. Habelə Səudiyyə Ərəbistanı ilə Türkiyə arasındakı ilgilər normallaşmağa başlayıb. Özəlliklə bu ölkələrin güvənlik qonularında yeni işbirliklərinə başlaya biləcəkləri də təxmin edilir.
İran başqa dövlətlərdən uzaqlaşdıqca, qonşu ölkələr də özlərini savunmağa başlayırlar. Hətta İranın silahlı və silahsız nufuzuna qarşı Türkiyə, Azərbaycan və Ərəb ölkələri bəlli başlıqlar altında birləşməyə səy göstərirlər. Ancaq uzun illər İranın bu ölkələrdə ciddi nufuza çalışması, silahlı və siyasi örgütlər qurması bu işin rahat, eləcə də qısa zamanda tamamən baş tuta bilməsini çətinləşdirir. Sözsüz ki, İranın hər ötən gün siyasət meydanında tənha qalması daha da sürətlənir. Beləliklə, Tehran hər zamankı kimi qonşu ölkələri üstələmək istəyi ilə birbaşa Amerika kimi ölkələrlə anlaşıb yenidən gücünü geri qazanmağa çalışır.

Related Articles

Bir cavab yazın

Back to top button