Azərbaycanİran

“Türkmənçay” müqaviləsinin imzalanmasından 193 il ötür

Bu gün Azərbaycanı quzey və güney olmaqla iki yerə bölən “Türkmənçay” müqaviləsinin imzalanmasından 193 il ötür. 1805-ci ilin meyində, eləcə də ondan əvvəl Azərbaycanın tarixi taleyində baş verən hadisələr faciəvi “Gülüstan”, daha sonra isə “Türkmənçay” müqaviləsinə gətirib çıxardı. Rusiya ilə İran iki illik savaşdan sonra 1828-ci il fevriyənin 10-da bağlanan “Türkmənçay” müqaviləsi ilə Azərbaycanın ərazisini Araz çayı mərz olmaqla quzeyə və güneyə böldülər. Bu müqavilə tariximizin ən faciəli səhifələrindən biri kimi yada salınır.

Müqaviləni İran tərəfindən vəliəhd şahzadə Abbas Mirzə və Fətəli şahın nümayəndəsi Allahyar xan Əsəf əl-Dövlə, Rusiya tərəfindən isə general İvan Paskeviç imzaladı. Bununla da son 200 illlik dönəmdə yurdumuzun həm güneyində, həm də quzeyində baş verən faciəli olayların yaranması üçün böyük, indiyə kimi davam edən milli fəlakətin özülü qoyuldu. Sənədə əsasən, İran Gülüstan müqaviləsi nəticəsində Rusiyada qalan torpaqlara iddiasından imtina etdi. Üstəlik, İrəvan və Naxçıvan xanlıqları Rusiyaya verildi.

Eləcə də, İran Rusiyaya 20 milyon təzminat verməyə, Xəzər dənizində nizami gəmi saxlamamağa, ermənilərin Rusiya imperiyası ərazilərinə axınına maneə yaratmamağa zəmanət verdi. 16 maddəlik “Türkmənçay” müqaviləsi ermənilər üçün də tarixi fürsət yaratdı. Nəticədə Azərbaycan torpaqlarına ermənilərin kütləvi şəkildə köçürülməsinə icazə verildi. Onlar daha çox İrəvan, Naxçıvan, Qarabağ ərazilərində yerləşdirildi.

Bu isə sonrakı dövrlər üçün Azərbaycanda yeni böyük fəlakətlərin başladılmasına şərait yaratdı. “Türkmənçay” müqaviləsi nəticəsində Azərbaycana vurulan ən ağır zərbə torpaqların yekun olaraq parçalanması oldu. 410 min mürəbbə kilometr ərazisi olan Azərbaycan parçalandı. Bizə düşmən olan imperiyalar nə qədər birləşib zor tətbiq etsələr də, xalqımızı, torpaqlarımızı bölsələr də, bizi xalq kimi məhv edə bilmədilər.

“Gülüstan” və “Türkmənçay”la torpaqlarımızı böldülər, xalqlarımızı ayırdılar, amma ruhi, milli-mənəvi, soykök bağlılığımızı sarsıda bilmədilər. “Gülüstan”, “Türkmənçay” müqaviləsindən bu yana Azərbaycan xalqı neçə dəfələrlə ayağa qalxıb milli mənsubiyyətini, dilini, mədəniyyətini əzmək istəyənlərə öz əzmkarlığını göstərdi. Bağır xan, Səttarxan, Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri kimi tarixi şəxsiyyətlər azadlığımız uğrunda mübarizə apardı.

Onlar Azərbaycanın güneyini azad, müstəqil, dilini işlək görmək, ana dilində mədrəsələrin açılmasını, qəzet-jurnal, kitab nəşrinin olmasını istəyirdilər. Hazırkı dövrdə də xalqımız birləşmək arzusu ilə yaşayır, Güney Azərbaycanın azadlığa qovuşacağı günləri səbrsizliklə gözləyir. Vahid dövlətdə birləşəcəyimiz gün hökmən gələcək….

Related Articles

Bir cavab yazın

Back to top button