Dünyaİran

Üç güclü dövlət BMT-yə İran barədə məktub yazdı – “nüvə daşıyan raketlər istehsal edilir…”

Dünya gündəmində vaxtaşırı diqqət mərkəzində olan məsələlərdən biri də İrana qarşı ABŞ-ın, İsrailin mümkün hərbi əməliyyatlara start verməsidir. Düzdür, indiyə qədər tərəflər arasında birbaşa elan edilmiş şəkildə savaş baş tutmayıb.

Amma faktdır ki, tərəflər müxtəlif istiqamətlərdə, məsələn, Suriyada dolayısı yolla olsa da bir-birinə qarşı savaş aparır. Elə İsrailin vaxtaşırı Suriyada İrana məxsus obyektlərə zərbə endirməsi də bunun təsdiqi sayıla bilər. Amma hadisələrin real inkişafı onlar arasında bu dəfə daha dəhşətli və qanlı bir savaşın ola biləcəyini istisna etmir.

Elə bu fonda İsrailin müdafiə naziri Naftali Bennet İrana Suriyada hərbi mövcudluğunu dayandırmağı məsləhət görüb. O qeyd edib ki, İsrail İrana mane olmaq üçün yorulmadan işləyəcək:”Heç kimə sirr deyil ki, İran bizim ölkəmizin ətrafında alov çevrəsi yaratmağa cəhd edir. Onlar artıq Livandadırlar və Suriya, Qəzza zolağı və digər yerlərdə möhkəmlənməyə çalışıblar. Biz İrana deyirik: Suriya sizin Vyetnamınız olacaq”. Qeyd edək ki, daha əvvəl İsrailin xarici işlər naziri İsrail Katz da İrana xəbərdarlıq edərək bildirib ki, ölkəsi Tehrana qarşı hərbi əməliyyat imkanını nəzərdən keçirir. O bildirib ki, İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün hava zərbələri endirməyə hazırdır. Katz İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində “İranın bombardman edilməsi İsrailin nəzərdən keçirdiyi variantdırmı” sualına belə cavab verib:

“Bəli, bu variantdır. Biz İrana imkan vermərik ki, nüvə silahı əldə etsin və ya onu hazırlasın. Bu İranı dayandırmaq üçün sonuncu imkan olarsa, biz hərbi spektrdə hərəkət etməyə hazırıq”. Nazir Avropa ölkələrini tənqid edərək deyib ki, onlar Birləşmiş Ştatların İrana qarşı təzyiqlərinə dəstək vermir:“İranlılar nə qədər ki, özlərini aldadıb Avropanın onları dəstəklədiyini düşünürlər, geri çəkilmək onlar üçün asan deyil”.

Qeyd edək ki, ABŞ-ın İranla nüvə sazişindən çıxmasından sonra İran uran zənginləşdirilməsi istiqamətində fəaliyyətini yenidən artırıb. Buna cavab olaraq ABŞ İrana qarşı sanksiyaları kəskinləşdirib. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə ölkəsinə qarşı sanksiyaları “iqtisadi terror” adlandırır. O bildirir ki, ABŞ 2015-cı ildə İran və dünya gücləri arasında imzalanmış nüvə sazişinə qayıtmalıdır. Bir daha xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 2018-ci ilin mayında nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edib. Avropa, Rusiya və Çin şirkətlərinə verilən möhlət isə bu günlərdə daha 90 günlüyə uzadılıb ki, ABŞ-ın cərimələri ilə üzləşmədən İranın mülki nüvə obyektlərində işi davam etdirsinlər. Amma ABŞ-da İsraili dəstəkləyən qüvvələr möhlətlərin ləğvinə çağırır. Onlar bildirir ki, bu, İrana silah hazırlamaq üçün texnologiyaya çıxış verir. Respublikaçı senatorlar Ted Kruz və Lindsey Qrahamın bu xüsusda bəyanatlarında bildirilir: “Bu məyusedicidir, fəlakətli Obama-İran nüvə sazişini məhv etmək üçün daha bir itirilmiş imkandır. Prezident Tramp dərhal administrasiyasına göstəriş verməlidir ki, mülki nüvə möhlətinin verilməsini dayandırsın”. Məhz bu durumda İsrailin İranın nüvə obyektlərinə qarşı mümkün zərbələri də ABŞ-da müəyyən qüvvələr tərəfindən açıq dəstək alır. İndilikdə İranın Suriyadakı obyektlərinə zərbə endirilməsi İsrail üçün əsas prioritetdir. Adını açıqlamayan İsrail Hərbi Hava Qüvvələrinin keçmiş rəhbər komandirlərindən biri “Haartez“ qəzetinə açıqlamasında bunun indilikdə çox vacib olduğunu bildirib:
“Bunlara cavab olaraq İrandan İsraili hədəf alan hücum çox təsirsiz olacaq və İsrailin hazırlaşmaq üçün çox vaxtı olacaq. Lakin Suriyaya hücum bir qədər fərqlidir. Çünki Suriya olduqca yaxındır”. Xatırladaq ki, İranın Livanda “Hizbullah”ı silahlandırması və Suriyada bazalar tikməsi adətən İsrail tərəfindən İranın yəhudi dövlətini məhv etmə niyyətinin sübutu kimi göstərilir. İsrail Suriyadakı İran obyektlərinə hücumu artırdıqca, İran bura yeni qüvvələr yığır. Livan və Suriyada İranın mövcudluğu həm hücum, həm də müdafiə xarakterli olaraq qiymətləndirilir. Amma aydındır ki, İsrail İranın ərazisində nüvə obyektlərini vursa, savaş cəbhəsi təkcə yuxarıda adları çəkilən ölkələrlə məhdudlaşmayacaq.

Belə bir vaxtda digər diqqətçəkən məqamlardan biri isə ABŞ-ın Fars körfəzinə yenidən əlavə hərbi qüvvələr cəmləşdirməsidir. Ekspertlər bildirir ki, İsrail İranın nüvə obyektlərinə zərbə endirsə, Fars körfəzindəki Amerika qüvvələri də işə qarışacaq. Hüquq və parlament işlərinə görə məsuliyyət daşıyan SEPAH komandiri, general Məhəmməd Saleh Cokar isə bildiir ki, İran istənilən istiqamətdən hücumu dəf etməyə tam hazırdır. İranlı general ABŞ-ın və İsrailin yeni müharibəyə girişmək istəməyəcəyindən əminliyini ifadə edib. Amma o, savaşa hazır olduqlarını da xüsusi vurğulayıb. Amerika isə indiki halda İrana qarşı daha sərt mövqe tutmaqda davam edir. Vaşinqton regiona əlavə hərbi qüvvə göndərməklə bərabər, diplomatiya, kəşfiyyat istiqamətlərində də fəallığını artırıb. Elə bunun nəticəsidir ki, ABŞ-ın diplomatik fəallığı fonunda Fransa, Almaniya və Britaniya BMT-ni İranın nüvə silahı daşıya bilən ballistik raket hazırlığını davam etdirdiyi haqqında xəbərdar edib. Bu xüsusda yayılan məktubda Tehranın sözügedən proqramdan imtina etməyi planlaşdırmadığı bildirilib. Bu raket hazırlığının BMT Təhlükəsizlik Şurası qətnamələrinə zidd olduğu vurğulanıb. Üç ölkə BMT Baş katibi Antonio Quterrişdən növbəti hesabatda Tehranın fəaliyyəti barədə məlumat verməsini istəyib. Ekspertlər isə bildirir ki, bununla ABŞ və İsrail İrana qarşı fəaliyyətlərində daha çox beynəlxalq dəstək almağa çalışırlar. Belə vəziyyət onlara İrana qarşı savaşa da başlamağa lazımi imkanlar verir.

Related Articles

Bir cavab yazın

Back to top button