Azərbaycanİran

Xordad hadisələrindən 17 il keçir

2006-cı il mayın 12-də İranın o dövrkü hakimiyyəti “İran” rəsmi qəzetində ölkənin təxminən 35 milyonundan çoxunu təşkil edən yerli Azərbaycan türklərini böcək kimi təsvir edən təhqirli karikatura çap etdi. Bu hadisə Güney Azərbaycanda kəskin etirazla qarşılandı. Həmin gün İrandakı Azərbaycan türklərinin milli hərəkat tarixinə həm qanlı, həm də öz milli varlığını müdafiə baxımından şərəfli bir gün kimi yazıldı. Belə ki, İran dövlətinin rəsmi orqanı olan “İran” qəzetinə etiraz edən azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə aksiyalara başladılar. Təbriz, Urmiya, Ərdəbil, Sulduz, Mərənd, Xoy, Maku, Miyana, Meşginşəhr və başqa şəhərləri kütləvi etirazlar bürüdü və bu vəziyyət günlərlə davam etdi.

İran hüquq-mühafizə orqanları dinc şəkildə keçirilən etiraz aksiyalarını zor tətbiq edərək susdurmağa çalışdı. Həmin etirazlarda rejimin təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində bir neçə Azərbaycan türkü şəhid oldu, yüzlərlə insan yaralandı, çox sayda nümayişçi həbs olundu.

Kütləvi etirazlar “İran” qəzetinin təhqirə yol verməsi ilə başlasa da, əslində fars şovinizminin illər boyu yerli azərbaycanlılara qarşı təzyiqlərilə əlaqədar idi. Şərhçilərin fikrinə görə, hakimiyyətin 100 ildir Azərbaycana qarşı mənəvi təzyiq və təhqirləri əhalinin şiddətli qəzəbinə səbəb oldu və türk xalqı bununla öz ictimai-siyasi mövqeyini nümayiş etdirdi: uzun illərdir sıxılmış həyəcanın bir vulkan kimi püskürməsinə bir təhqiramiz karikatura yetərli oldu.

Artıq 17 ildir ki, azərbaycanlılar və xüsusilə də Güney Azərbaycan fəalları dünyanın hər yerində, olduqları ölkələrdə bu tarixi günü – 1 Xordad hadisələrini müxtəlif formalarda keçirir və şəhidləri yad edirlər. Sosial şəbəkələrdə də həmin günlərdə canları fəda olmuş şəhidlərin şəkilləri paylaşılır, onların həyatı barədə məlumat verilir, bu qiyamın təfərrüatı müzakirə edilir və bəyanatlar yayılır.

Related Articles

Bir cavab yazın

Back to top button