Azərbaycan

Yatağım soyuqdu, üşüyürəm mən…

Zəminə Rüstəmbəyli Vətən Müharibəsində Cəbrayılın azadlığı uğrunda qəhrəmancasına Şəhid olmuş Xüsusi Təyinatlı Qüvvələrin əsgəri Piriyev Raul Zabid oğlunun əziz xatirəsinə kiçik ərmağan edib.
aznews.tv şəhidə ithaf olunmuş şeiri təqdim edir:

Raulumuza

Yatağın soyudu, evin soyudu,
Daha yandırmırsan işığını sən.
Ananı soruşsan, yanıb kül oldu,
Atanı heç sorma, həyatı zindan
Tənha gecələrin kövrək nəğməsi
Hey ötür, hey ötür qulaqlarımda.
Həzin gilavarın ürpərik səsi
Yayılır evimin divarlarında…
Dialoq
-Ata, ata, mən gəldim. Niyə işıq yanmır?
Anam hardadır?
Raufgil hardadır? Niyə görmürəm?
-Atam, sənmi gəldin? Boyuna qurban.
Bilirdim, Allaha and olsun, bilirdim, qayıdacaqsan.
Qayıtdın.
Anan, hə, anan, o səni evdə gözləyə bilmir ki,
Yollarda gözləyir.
Uşaqlar, hə, uşaqlar… İndi, indi dayan,
Darıxma, darıxma.
Atam, mən, mən bu dəqiqə, gözlə.
İndicə onları çağıracağam.
Qoy görsünlər. Qoy görsünlər. Sən qayıtmısan.
-Ata, ay ata, niyə ev soyuqdur? Niyə od yanmır?
Yatağım da soyuq. Üşüyürəm mən.
-Ömrüm-günüm, daha, sən gəldin.
İşıq da yanacaq, ocağımız da, ev də isinəcək.
Axı sən gəldin.
Bax, mən bu dəqiqə, hər şey edəcəm.
Bircə sən, Raulum, gözünə qurban, mənə belə baxma.
Baxma, nə olar?
-Ata, niyə belə olub üz-gözün sənin?
Qəddi-qamətini niyə əymisən?
Saçların dağınıq, üstün dağınıq.
Səni belə görmək incidir məni.
Ata, tuturam əlini, dikəl, nə olar?
Əlim də soyuqdur, isit, nə olar?
Nəfəsim də soyuq, baxışlarım da…
Bağışla sən məni, bağışla nolar?
Daha əvvəlkidək baxa bilmirəm.
Səni əvvəlkidək sara bilmirəm…
-Mən, mən bu dəqiqə,
Bu dəqiqə səni qoynumda bərk-bərk sıxıb isidəcəm.
Əllərini isidəcəm, nəfəsini isidəcəm.
Bax, qəddi-qamətimi daha əymirəm.
Raulum, sən gəldin, boyuna qurban.
Sevincimdən bağırıram mən
Səsim niyə çıxmır? Əsəbləşirəm.
-Ata, evi soyutmayın, qızdırın evi!
İşığı da yansın qoy evimizin!
Bədənim buz kəsib, titrəyirəm mən.
Qoynuna sığınmaq istəyirəm mən.
Evdə külək əsir, əsməsin artıq.
Belə sərt küləyi sevməyirəm mən.
Anamın qoxusun mənə gətirən
O həzin küləyi xoşlayıram mən.
Narahat olma sən, canım ağrımır.
Anama söylə ki, nigaran qalma!
Nigaran qalma sən Raulumuzdan.
-Atam, qoynuma gir. Niyə qoynum boşdur?
Yerin dolmayır.
Ocağı yandırım, evi isidim,
Küləyi durdurum. Daha nə? Söylə.
Söylə qamətinə qurban olduğum.
Bircə qoynuma gir, isidim səni.
Narahat baxışlı Raulum mənim.
Mənim and yerimsən, güman yerimsən.
Yerini boş qoyma, igidim mənim!
Əllərini tutmaq istəyirəm mən.
Niyə əllərini tuta bilmirəm?!
Sevinə bilmirəm, gülə bilmirəm…
Lap bərkdən bağırmaq istəyirəm mən.
Bağıra bilmirəm, dinə bilmirəm.
Niyə səsim çıxmır? Bilim nə olar? Raul, Raul, Raul…
-Zabid, ay Zabid. Can Zabid, dur, dur otur.
Al, bir az su da iç. Bir az özünə gəl,
Oyan nə olar?
Daha bu yuxudan oyan nə olar?…

Related Articles

Bir cavab yazın

Back to top button