İran

İran XİN İstanbulda “qırmızı xətti” keçdi – İsrail məsələsində Tehran “lap ağ elədi…”

Bünyamin Qəmbərli: “İran əlavə düşmənlər axtarmaqla əhalinin diqqətini bu problemlərdən yayındırmağa çalışır”

İran bütün dövlətləri İsrailin davranışı ilə bağlı ağıllı davranmağa və İsrailin Qafqaz regionu ərazisinə daxil olmasına icazə verməməyə çağırır.

Bu sözləri İran XİN başçısı Hüseyn Əmir Abdullahian Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında deyib: “Biz sionistlərin bölgədə mövcudluğunu regionda sülh və sabitliyə ciddi təhlükə hesab edirik. İran bütün tərəflərə xəbərdarlıq edir ki, saxta İsrail rejiminin davranışlarına qarşı həssas davransınlar və İsrailin bölgəyə ayaq basmasının qarşısını alsınlar”.

Bu başqa dövlətlərin daxili işinə kobud müdaxilə deyilmi?

Müstəqil siyasətçi Bünyamin Qəmbərli “Bakı-Xəbər”ə bildirdi ki, hər bir dövlətin öz maraqlarının olduğu danılmazdır: “Həm də hər  bir dövlət öz maraqlarına görə digər dövlətlərlə öz münasibətini qurur.  Qafqazda olan hər hansı bir dövlətin həm bölgədə, həm də bölgədən kənar olan dövlətlə münasibət qurmasına qarışmaq, təbii ki, həmin dövlətin daxili işinə və dövlət təhlükəsizliyinə qarışmaq deməkdir. Bu, məsələnin birinci tərəfidir. İkinci tərəf isə odur ki, dövlətlər digər dövlətlərlə sadəcə siyasi münasibətlər qurmurlar, eyni zamanda mədəni, iqtisadi və hərbi münasibətlər qururlar. Məsələn, Azərbaycan yarandığı gündən İran adında bir antidemokratik, antiinsani rejimlə dinc yanaşı yaşamaq siyasəti aparır. Amma təəssüf ki, apardığı siyasətə adekvat cavab ala bilmir. Azərbaycan yarandığı gündən ona dost münasibətdə olan dövlətlər də var. Türkiyə, Pakistan, İsrail bu dövlətlərin sırasındadır. Onlar Azərbaycana dost münasibətindədir – həm iqtisadi, həm siyasi, həm də mədəni  əlaqələri hər gün daha da inkişaf edir, genişlənir. Azərbaycanla eyni dinə, əhalisinin böyük hissəsi ilə eyni etnik kökənə sahib olmasına baxmayaraq, İran hər zaman Azərbaycana düşmən mövqedə olub. Azərbaycan torpaqlarının işğalda qalması üçün bütün imkanlarından istifadə etdi. Azərbaycanın öz torpaqlarını işğaldan etməsinə hər cür mane olmağa çalışdı. Amma dediyim dövlətlər: istər Pakistan, istərsə də  Səüdiyyə Ərəbistanı və İsrail Azərbaycana nəinki dost münasibəti göstərdilər, həmçinin Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi üçün siyasi, iqtisadi və hərbi dəstək verdilər. Belə bir vəziyyətdə Azərbaycanın İsraillə dostluğunu İranın istəyinə görə pozması bizim dövlətçilik, təhlükəsizlik maraqlarımıza  tamamilə ziddir. Türkiyənin adını çəkmədim. Çünki Türkiyə ilə biz bir millət, iki dövlətik. Türkiyə ilə biz ətlə dırnaq kimiyik və bizi ayırmaq mümkün deyil. Amma İsraillə dinimiz, dilimiz ayrı olsa da, bir çox məsələlərdə fərqli mövqelərdə olmağımıza baxmayaraq,  İsrail bizə hər zaman dəstək olub. Mən güman edirəm ki, İsrail dövlətinin siyasi, iqtisadi, hərbi və ideoloji maraqları bundan sonra da Azərbaycanla daha yaxşı münasibətlərdə olmasına təkan verəcək. İran öz yalnızlığının, daxilindəki problemlərinin, İran rejiminin çürüklüyünün öhdəsindən gələ bilmədiyini ortaya qoyur və əlavə düşmənlər axtarmaqla əhalinin diqqətini bu problemlərdən yayındırmağa çalışır. Amma xeyri yoxdur. İran rejimi çökür. Tezliklə biz İranın dağılmasına, ordakı etnik xalqların müstəqillik əldə etməsinə şahid olacağıq”.

İran kiminlə istəyirsə, onunla dostluq edir. Hətta əməllərində  öz dövlətinin quruluş baxımından  mahiyyətinə uyğun gəlməyən, məscidləri təhqir edən Ermənistana açıq dəstək verir. Təbiidir ki, bu da bizim xoşumuza gəlmir. Ancaq biz nə görürük? İran öz siyasətinə istədiyi kimi davam edir. Belədirsə, onda başqa ölkələrin də daxili işlərinə qarışmasın.

Məhəmmədəli QƏRİBLİ

Related Articles

Bir cavab yazın

Back to top button