İqtisadiyyat

TAP kəməri Azərbaycan qazının Avropaya nəqli üçün hazırlıq vəziyyətinə gətirilib

Azərbaycan qazını Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya nəql edəcək Trans-Adriatik boru kəməri (TAP) bu ölkənin “mavi yanacağa” olan tələbatının 12%-ni ödəyəcək.

Bu barədə TAP A.G. şirkətinin (qaz kəmərini idarə edən konsorsium) xarici əlaqələr şöbəsinin müdiri Vüqar Veysəlov bildirib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP kəməri təbii qazı yeni bir mənbədən və yeni bir marşrutla Avropaya çatdıracaq və bununla da qitənin enerji təhlükəsizliyi və tədarükün şaxələndirilməsi gücləndiriləcək.

“İtaliyaya nəql edilən həcmlər qaza yerli bazarda olan tələbatın təxminən 12%-ni, Yunanıstan və Bolqarıstanın illik qaz tələbatının isə 25-30%-ni təmin edəcək”, – deyə Veysəlov qeyd edib.

Qeyd edək ki,  uzunluğu 878 km-lik Trans-Adriatik boru kəmərinin tikinti işləri 2020-ci oktyabrın 13-də tamamlanıb, noyabrın 15-də isə kəmərin kommersiya fəaliyyəti üçün hazır vəziyyətə gətirildiyinə dair açıqlama verilib. Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 7-də İtaliya parlamentinin nümayəndə heyətini qəbul edərkən bildirdi ki, bu ayın sonuna qədər Azərbaycan qazının Avropaya nəql edilməsinə başlanılacaq və bununla bağlı videokonfrans formatında xüsusi bir mərasim də hazırlanır.

Xəzər dənizində yerləşən “Şahdəniz” yatağından çıxarılan qaz hesabına TAP kəməri ilə ildə 10 milyard kubmetr qaz ilkin mərhələdə Avropanın 3 ölkəsinə ixrac ediləcək. Bu ölkələr 25 il müddətində Azərbaycan qazını almaq haqda hüquqi öhdəlik götürmüşlər.

Related Articles

Bir cavab yazın

Back to top button